Bayram günü 238 nəfər paytaxt xəstəxanalarına yerləşdirilib
14:55 - 1 Yanvar 2023 - ÖLKƏ İÇİ
Bakıda bayram günü tibb müəssisələrinə 2 660 çağırış daxil olub, 238 nəfər paytaxt xəstəxanalarına yerləşdirilib.
Bu barədə Ucnoqta.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Məlumatda qeyd olunub ki, TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası 7/24 gücləndirilmiş iş rejimində xidmət göstərir. 103 çağrı mərkəzində və bölmələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub. Təcili tibbi yardım üçün 130 həkim briqadası fəaliyyət göstərir.
Bildirilib ki, bayram günü müraciətlərin sayı təxminən 300-ə qədər artıb: “Belə ki, 2022-ci il dekabrın 30-da ümumi çağırışların sayı 2 477, hospital olunanların sayı 233, dekabrın 31-də isə ümumi çağırış sayı 2 660, hospital olunanların sayı 238 olub. Çağırış səbəbləri, əsasən, arterial təzyiqin qalxması, kardioloji problemlər, travmalar, dispeptik əlamətlər, respirator xəstəliklər və s. ilə bağlı olub. Ənənəvi olaraq bayram günləri icra edilən çağırışların sayında nisbətən artım qeydə alınır. Bu isə əhalinin qeyri-iş günləri birbaşa olaraq təcili tibbi yardıma müraciət etməsi ilə əlaqədardır”.