Bu bankın maaş kartları ləğv edilir

21:46 - 30 Dekabr 2022 - ÖLKƏ İÇİ

Naxçıvandakı dövlət idarə və müəssisələrində çalışan işçilərin əməkhaqqı kartları dəyişdirilir.

Ucnoqta.az "Gündəlik Naxçıvan"a istinadla xəbər verir ki, bu günə qədər buradakı bütün müəssisə və təşkilatlar maaş kartı almaq və digər əməliyyatlar aparmaq üçün yalnız "Naxçıvanbank" ASC-dən istifadə edə bilərdilər. Çünki, Naxçıvan Maliyyə Nazirliyi onlara ayrılmalı olan vəsaiti həmin banka köçürür, bütün əməliyyatlar məcburi orada aparılırdı.

"Naxçıvanbank"ın Ali Məclisin keçmiş sədri Vasif Talıbovun qızı Bahar Talıbovanın nəzarətində olduğu bildirilir. 

Naxçıvanda DTX əməliyyatlara başlayandan bir müddət sonra isə, vəziyyət dəyişib. Artıq, Naxçıvandakı bütün təşkilatlara işçi kartlarını dəyişmək üçün tapşırıqlar verilib. Bundan sonra işçilər maaşlarını "Kapital Bank"ın Naxçıvan filialı üzərindən alacaqlar. Bu barədə "Gündəlik Naxçıvan"a yerli idarə və müəssisələrdən məlumat verilib.

Təhsil sahəsində çalışan Habil Həsənov deyir ki, köhnə kartlarına maaş yatırılmadığından, ötən ayın əməkhaqqını ala bilməyiblər:

"10 gün əvvəl bütün təhsil şöbəsinin müdirlərinə tapşırıq gəlib ki, işçilərin kartları dəyişdirilsin. İşçilərə  kartlar "Kapital Bank"ın Naxçıvan filialından sifariş edilsin və əməliyyatlar da orada aparılsın. Bizim bütün könə kartları topladılar. Bu ayın sonundan "Kapital Bank"a məxsus maaş kartlarının paylanmasına başlanılacaq, qalıq maaşlar da ora yatırılacaq".

Məlumatı Naxçıvandakı digər idarə və müəssisələrin əməkdaşları da təsdiq ediblər.

Xəbər xətti