“İlin sonunda ən çox müraciətlərdən biri limitlərin sıfırlanması ilə bağlıdır”.
Ucnoqta.az xəbər verir ki, bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Facebook” səhifəsindəki canlı yayımda vətəndaşların suallarını cavablandırarkən deyib.
“Smart-kart tipli sayğaclarda 2023-cü il limitindən istifadə 1 yanvar gecə saat 00:00-dan sonra mümkün olacaq. Söhbət ödəniş terminalında həyata keçirilən əməliyyatın vaxtından gedir. Bəziləri dekabrın 30-31-i karta vəsait yükləyirlər və yanvarın 1-i pulu sayğaca yükləyəndə limitin bərpa olunmadığını deyirlər. Bir daha bildirmək istəyirəm ki, smart-kart tipli sayğacda bunlar ödəniş etdiyiniz gündən hesablanır. Ona görə də yanvarda karta ödəniş edənlər artıq 2023-cü ilin limitindən istifadə edə biləcəklər. Mexaniki tipli sayğacların istifadəçiləri üçün isə maksimum çalışırıq ki, sayğacların oxunması yanvarın 7-də başa çatsın”, - deyə o əlavə edib.