“Bayram günlərində ölkə ərazisində hava şəraitinin sabit, yağmursuz keçəcəyi gözlənilir”.
Bu barədə Ucnoqta.az-a Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
O qeyd edib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 8-13, Aran rayonlarında 13 dərəcəyədək isti, dağlıq rayonlarda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
Dekabrın 31-i Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz olacağı, mülayim cənub küləyinin əsəcəyi, küləyin sürətinin 8-13 m/s olacağı gözlənilir. Havanın temperaturu gecə 4-6, gündüz 8-11 dərəcə isti təşkil edəcək.
U.Tağıyevanın sözlərinə görə, yanvarın 1-də Bakıda və Abşeron yarımadasında havanın yağmursuz olacağı, şimal küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq.
Yanvarın 2-də hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək, küləyin sürəti 8-13 m/s olacaq. Havanın temperaturu gecə 4-6, gündüz 8-12 dərəcə isti olacaq. Yanvarın 3-də isə hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, sürəti 5-10 m/s olacaq. Havanın temperaturunun gecə 5-7, gündüz 9-13 dərəcə isti olacağı gözlənilir.
Xidmət rəisi bildirib ki, yanvarın 4-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, cənub küləyinin sürətinin isə 8-13 m/s olacağı gözlənilir. Havanın temperaturu gecə 5-7, gündüz 9-14 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında isə 31 dekabr-4 yanvar tarixlərində hava şəraitinin sabit olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.