QHT təmsilçiləri və ekofəalların Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda dekabrın 12-dən başlayan etiraz aksiyası 15 gündür davam edir.
Ucnoqta.az xəbər verir ki, aksiya gecə boyu davam etdirilib. Etirazçılar Azərbaycan, rus və ingilis dillərində plakatlar qaldırıb, şüarlar səsləndiriblər. Bu müddətdə Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus və həmçinin Rusiya sülhməramlılara məxsus təminat avtomobilləri təhlükəsiz şəkildə hərəkət edib.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Emin