Tıxaclardan yayınmaq üçün rəqəmsal həllər hazırlanır - Ekspert

13:15 - 6 Dekabr 2022 - ÖLKƏ İÇİ

Artıq Bakıda hər gün, hər saat və hər an tıxaclar qaçılmaz olub. Hamı tıxacdan yayınmaq, alternativlər tapmaq üçün yollar axtarır. Bir neçə gün öncə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəsmiləri isə ümidverici bir açıqlama veriblər, yeni rəqəmsal həllər üzərində işlədiklərini bildiriblər.

Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz bildirib. Ekspert qeyd edir ki, söhbət Bakı üzrə rəqəmsal 3D xəritəsinin və mobil tətbiqin hazırlanmasından gedir:
"Düşünmək olar ki, Bakının rəqəmsal tıxac xəritəsinin ortaya çıxarılması problemin həlli üçün xeyli faydalı ola biləcək. Hansı ki, 10 il öncə keçmiş nazir Ziya Məmmədovun rəhbərliyi altında bu tip intellektual layihənin hazırlanmasına 130 milyon ayrılmışdı. Lakin o zaman NİİM paytaxtda nəqliyyatın rəqəmsal yanaşmalarla tənzimlənməsi sahəsində qarşıya qoyulan vəzifələri icra edə bilmədi və iflas oldu. Sonradan bu layihə BNA-ya verildi.
Nə qədər çalışsalar da onlar da nəqliyyat axınını intellektual yollarla tənzimlənmək, real vaxtda yollardakı vəziyyəti öyrənmək, rəqəmsal tıxac xəritəsini əldə etmək, tıxacdan yayınmaq , naviqasiya, yollardakı problemli situasiya haqqında öncədən effektiv formada məlumat almaq məsələlərini qaydaya sala bilmədilər".

Osman Gündüzün sözlərinə görə, BNA yenidən böyük pullar istəyən, zamanında sistemin proqram təminatının ilkin kodlarını verməyən Cənubi Koreya şirkətindın əlini üzərək digər ölkələrlə əməkdaşlıq sayəsində problemləri həll etməyə çalışdı: 

"Bir neçə modulu yeniləyə bildi. Lakin zəruri olan rəqəmsall həllər ortaya çıxmadı. Cari ilin əvvəli NİİM Daxili İşlər Nazirliyinə verilib. Artıq bir il tamam olmaq üzrədir. Dağılmış vəziyyətdə olan NİİM-in təhvil-təslimi güman ki, artıq başa çatıb. Qeyd etdiyim kimi NİİM -in yeni rəhbərliyi yaxın müddətə bir neçə rəqəmsal həllər təqdim edəcəklərini açıqlayıblar.
Hazırda böyük bir komandanın bu layihələr üzərində işlədiyi bildirilib.
NİİM-in son açıqlamasından belə anlamaq olar ki, yeni komanda SMS məlumatlandırma ilə tıxac vəziyyətdən çıxış, trafiki innovativ idarə etmək, alternativlər təqdim etmək, sürücülərin effektiv məlumatlandırılmasını təşkil etmək üçün mobil resurs hazırlayır.
Düşünürəm ki, indiki anda NİİM-də, Yol Polisində toplanmış datadan effektiv istifadə edilməsi, datanın emal oluaraq sürücülərə effektiv yollarla çatdırılması, alternativlər təqdim edilməsi vəziyyəti xeyli düzəldə biləcək.
Eyni zamanda, fikrimcə nəqliyyat axınının fasiləsiz hərəkətinə şərait yaradan “ağıllı svetaforlar”ın, detektorların sayı da artırılmalıdır. Bununla da mərkəzi küçələrdə avtomobillərin orta sürətini bir qədər artırmaq mümkün ola bilərdi".

O. Gündüz vurğulayır ki, NİİM rəsmiləri rəqəmsal xəritələrin hazırlanması üçün avadanlıqlar sifariş edildiyini də açıqlayıblar:
"Ağıllı svetaforların, detektorların sayının çoxaldılması üzərində işlərin aparıldığını bildiriblər. İndiki anda isə cəmi 152 svetafor NİİM ofisindən real vaxtda idarə olunur.
Artıq yol polisi əməkdaşlarının bir qrupu da NİİM-in ofisində, paytaxt yollarındakı real vəziyyəti əks etdirən monitorlar qarşısında çalışırlar".

Emin

Xəbər xətti