Cəlilabadda qızların təhsildən yayındırılması ilə bağlı tədbir keçirilib - FOTO

12:59 - 3 Noyabr 2022 - ÖLKƏ İÇİ

“Qadın Problemlərinin Tədqiqatları Mərkəzi” İctimai Birliyi regionlarda yaşayan yeniyetmə qızların  maarifləndirilməsi ilə onların təhsildən yayınmasının qarşısının alınması, peşə və ali təhsilə cəlb edilməsini təşviq etməyi nəzərdə tutan növbəti tədbirini Cəlilabad rayonunda keçirib.

Ucnoqta.az xəbər verir ki, “Qızların ali və peşə təhsilinə marağının artırılması ilə təhsildən yayınmasının qarşısının  alınmasına dəstək” layihəsi çərçivəsində keçirilən məlumatlandırma sessiyasına Cəlilabad rayonundan olan 70 nəfər məktəbli qatılıb.

Tədbirdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin məsləhətçisi Nigar Atakişiyeva, Cəlilabad rayonu Akademik Zərifə Əliyeva adına 7 saylı tam orta məktəbin direktoru Səidə Şükürova da iştirak edib.

Tədbiri giriş sözü ilə açan “Qadın Problemlərinin Tədqiqatları Mərkəzi” İctimai Birliyinin sədri Sevil Allahverdiyeva bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur:

“Layihənin məqsədi regionlarda təhsil alan yeniyetmə qızların və valideynlərin maarifləndirilməsi ilə qızların təhsildən yayınmasının qarşısının alınması, onların peşə və ali təhsilə cəlb edilməsini təşviq etməkdir. Layihə çərçivəsində qızların təhsildən yayındırılması, erkən nikaha cəlb edilməsi hallarına qarşı məsul şəxslər, qurumlar, yaranan məsuliyyət, bu halların baş verməsi zamanı şikayət edilməsi, qızlar üçün peşə məktəbləri və ali təhsil ocaqlarında uyğun təhsil imkanları ilə bağlı məlumatların əks olunduğu buklet hazırlanaraq çap edilib”.

Daha sonra tədbirdə çıxış edən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin məsləhətçisi Nigar Atakişiyeva bildirib ki, Agentlik erkən nikahın qarşısının alınması və yeniyetmələri təhsilə cəlb edilməsini təşviq edən fəaliyyətlərə dəstək verir: “Bu gün Cəlilabadda keçirilən tədbir də yeniyetmələrin maarifləndirilməsi ilə bu problemin həllinə dəstək verməkdir.  Aparılan maarifləndirmə tədbirlərinin nəticəsidir ki, erkən nikahla bağlı halların sayı azalır. Yeniyetmə qızların təhsillərini orta ixtisas, peşə və ali məktəblərdə davam etdirməsinə cəlb edilməsi  də bu baxımdan əhəmiyyətlidir”. Cəlilabad rayonu Akademik Zərifə Əliyeva adına 7 saylı tam orta məktəbin direktoru Səidə Şükürova da keçirilən tədbirin məktəblilər üçün əhəmiyyətli olduğunu qeyd edib.

Daha sonra tədbirin məruzəçisi Xalid Kazımov tədbir iştirakçılarına qızların təhsil almasının əhəmiyyəti ilə bağlı məlumat verib. Tədbir zamanı iştirakçılara ölkəmizdəki orta ixtisas, peşə təhsili müəssisələri, ali təhsil müəssisələrində qızların təhsil alması üçün uyğun ixtisaslar barədə məlumat verilib. İştirakçılara qızların təhsil hüququ, qızların təhsildən yayındırılması, erkən nikaha cəlb edilməsi zamanı yaranan məsuliyyətlə bağlı məlumat verilib. Respublikamızda qızlar üçün peşə məktəbləri və ali təhsil ocaqlarında ödənişsiz təhsil imkanları ilə bağlı da iştirakçılara məlumat verilib. Orta ixtisas, peşə məktəbləri və ali məktəbə sənəd verilməsi proseduru əyani olaraq qızlara göstərilib. Həmçinin, nikah hüququ, nikah yaşı, nikaha məcburetmə, erkən nikaha cəlb edilmə zamanı qanunvericilikdə nəzərdə tuulan məsuliyyətlə bağlı məktəblilər məlumatlandırılıb. Sonda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.


Xəbər xətti