"Gender bərabərliyi sağlam həyat tərzidir" adlı tədbir keçirilib

16:52 - 26 Noyabr 2022 - Cəmiyyət

16 noyabr 2022-ci il tarixdə Bakı Biznes və Kooperasiya Kollecində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Gənc Hüquqşünaslar” İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Gender bərabərliyi sağlam həyat tərzidir" adlı tədbir keçirilib.

Ucnoqta.az xəbər verir ki, tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Biznes və Kooperasiya Kollecin direktoru Elnur Allahverdiyev, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri, Bakı Biznes və Kooperasiya Kollecinin şöbə müdiri Tamerlan Əkbərov, tədbirin təlimçisi Təbriz Qasımov, Pm Akademiya Psixoloji xidmət və Uşaq İnkişaf Mərkəzinin psixoterapevti Aytən Hacızadə, Kollecin müəllim heyəti və tələbələri iştirak ediblər.

Tədbirdə çıxış edən natiqlər qeyd etdilər ki, gender bərabərliyi olan cəmiyyət qadın və kişinin bərabər üzv olduğu cəmiyyətdir. Konstitusiyanın qəbulundan sonra respublikamızda gender balansının qorunması istiqamətində də mühüm addımlar atıldı. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunması, ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət olub. Ulu Öndər Azərbaycan qadınının müsbət keyfiyyətlərini daima xüsusi vurğulayaraq, onun cəmiyyətdə layiqli yer tutmasına çalışıb.

Keçirilən tədbirdə Azərbaycan cəmiyyətində gender bərabərliyinin və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində geniş, məzmunlu çıxışlar edildi, diskussiyalar, müzakirələr aparıldı.


Xəbər xətti