Dünya bazarında neftin bir barelinin qiyməti əvvəlki ticarət gününə nisbətən artıb.
Ucnoqta.az xəbər verir ki, Bakı vaxtı ilə saat 13:05-də Brent marqalı neftin bir bareli London birjasında 87 dollara satılıb. Bir neçə dəqiqədən sonra qiymət 86.95 dollara düşüb. Azərbaycan neftinin qiymətində də oxşar vəziyyət yaranıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 4,31 dollar azalaraq 86,78 dollar olub, sonra 87 dolları keçib. Hazırda bir barelin qiyməti 87 dollar ətrafında dəyişir. Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.
Bu arada Rusiya neftinin qiymət həddi ilə bağlı müzakirələr davam edir. Diplomatik mənbənin “Politico”ya verdiyi məlumata görə, Avropa İttifaqının əksər ölkələri Avropa Komissiyasının Rusiya neftinin bir barelinin qiyməti ilə bağlı təklif etdiyi 65-70 dollar həddi ilə razılaşıblar. Amma Polşa və Baltikyanı ölkələr bunu Moskvaya qarşı “çox səxavətli” adlandırıb. Yunanıstan da daxil olmaqla, böyük gəmiçilik sənayesi olan bir neçə ölkə isə neftin bir barelinin qiymət həddinin 70 dollardan aşağı düşməsini istəmirlər. Çünki bu neft əsasən onların gəmiləri ilə daşınır və qiymət nə qədər yüksək olarsa, gəlirləri də bir o qədər yüksək olur.
Onu da qeyd edək ki, Rusiya neftinə qiymət tavanının tətbiqi səkkizinci sanksiyalar paketində nəzərdə tutulub. Xam neftin qiymətinə məhdudiyyət bu il dekabrın 5-dən, neft məhsullarına isə 2023-cü il fevralın 5-dən qüvvəyə minəcək. Eyni tarixlərdən Rusiyadan neft və neft məhsullarının dəniz yolu ilə tədarükünə qoyulan embarqo qüvvəyə minəcək.