Yollarda görüntünü məhdudlaşdıran bitkiləri hansı qurum əkib? - Ekspert açıqladı

15:55 - 17 Noyabr 2022 - Xəbər

Azərbaycanlı aktyor, əməkdar artist Bəhram Bağırzadə paytaxtın 8 Noyabr prospektində yaranmış təhlükəli vəziyyətlə bağlı DYP-yə müraciət edib.

Ucnoqta.az xəbər verir ki,əməkdar artist bu ərazidə avtomobillə dönmənin təhlükəli olduğunu qeyd edir:

"Dönən zaman orada əkilən bitkilər qarşıdan gələn zolaqda hərəkət edən nəqliyyat vasitələrinin görünməsini çətinləşdirir. Bu da öz növbəsində təhlükə yaradır", - B.Bağırzadə yazıb.

Bəs yol kənarlarında ağaclar hansı qaydada əkilməlidir ki, belə problemlər yaranmasın və buna hansı qurum nəzarət etməlidir? Bu sualla bağlı nəqliyyat eksperti Elməddin Muradlıya müraciət etdik.

Nəqliyyat eksperti Ucnoqta.az-a bildirdi ki, şəhərdə bir çox yerlərdə belə konfliktli nöqtələr var:
“Bu nöqtələrin də olması yol hərəkəti təhlükəsizliyi baxımından sürücülərə problem yaradır. Hətta qəzalar da baş verir. Aidiyyatı qurumlar xüsusən Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu məsələlərlə məşğul olmalıdır. Bakı Nəqliyyat Agentliyi (BNA) və DYP onlara 130 nöqtədə bu cür problemlə bağlı müraciət etsə də bu məsələ həllini tapmayıb. Nəticədə belə problemlər yaranır, qəzalar baş verir."

Ekspert onu da qeyd etdi ki, əgər bu səbəbdən qəzalar baş verərsə, qarşı tərəf aidiyyatı qurumu məhkəməyə müraciət edib təzminat tələb edə bilər. Yaşıllıq salınarkən BNA və DYP ilə razılaşdırılmalıdır.

Xəbər xətti