Azərbaycanın əsas hissəsi ilə Türkiyə arasında Naxçıvan vasitəsilə birbaşa dəmir yolu əlaqəsinin təmin edilməsi baxımından Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu layihəsinin reallaşdırılması mühüm əhəmiyyət kəsb edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə bu gün Bakıda keçirilən Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclasında deyilib.
Zəngəzur dəhlizinin açılması və Naxçıvana dəmir yolunun çəkilməsi nəticəsində Azərbaycan-Türkiyə iqtisadi-ticari əlaqələrinin genişlənəcəyinə əminlik ifadə olunub.
Eyni zamanda, yeni yaranmış reallıqlar fonunda nəqliyyat kommunikasiyalarının açılmasının əməkdaşlıq üçün yaxşı imkanlar vəd etdiyi qeyd edilib, Zəngəzur dəhlizinin açılmasının regional əməkdaşlığı daha da gücləndirəcəyinə, bölgə ölkələrinin iqtisadi tərəqqisinə xidmət edəcəyinə əminlik ifadə olunub.
İclasda Azərbaycanla Türkiyə arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafı yüksək qiymətləndirilərək cari ilin 9 ayında iki ölkə arasında ümumi daşınmış yüklərin həcminin 60,2 % artdığı, o cümlədən tranzit yüklərin həcminin 96,3 % çox olduğu bildirilib.
Qeyd edək ki, Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin vitse-prezidenti Fuat Oktaydır.