Vətən Müharibəsində iştirak edən müəllimlərlə görüş keçirilib - Foto

16:41 - 3 Noyabr 2022 - ÖLKƏ İÇİ

Noyabrın 3-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki Rayon Komitəsinin təşəbbüsü ilə 8 Noyabr - Zəfər Günü münasibətilə Birinci Qarabağ müharibəsində və Vətən müharibəsində iştirak etmiş Şəki rayonunun ümumi təhsil məktəblərində çalışan təhsil işçiləri ilə görüş keçirilib.

Regional Təhsil İdarəsinin inzibati binasında keçirilən görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin (RTİ) müdiri Bəhruz Mehdiyev, İdarənin Tədrisin keyfiyyəti sektorunun müdiri Bəhruz Nəbili, İdarənin İnzibati təşkilat sektorunun müdiri Alqış Həsrətov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki rayon komitəsinin rəhbəri Ziyafət Xasıyeva və Birinci Qarabağ müharibəsinin və Vətən müharibəsinin iştirakçısı olmuş müəllimlər qatılıb.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev çıxış edərək şanlı tarix yazan Vətən oğullarının qəhrəmanlığından, əsgər və zabitlərimizin misilsiz rəşadətindən, əzmkarlığından, xalqımızın mübarizliyindən söz açıb, bu tarixi Zəfərin Prezident-Xalq-Ordu birliyi sayəsində əldə olunduğunu vurğulayıb. İdarə müdiri ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar hissi doğurduğunu qeyd edib.

Sonra Vətən müharibəsi iştirakçıları onlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
 


Xəbər xətti