Xəzər dənizinin Xaçmaz, Neftçala, Astara rayonları akvatoriyasında, Kür çayında və Baş Şirvan kollektorunda qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Bu barədə Ucnoqta.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov qeyd edib ki, araşdırma zamanı brakonyerlərin Xaçmaz rayon sakinləri Ələkbər Qasımov, Kamran Məmmədov, Neftçala rayon sakinləri İslam Məcidov, Habil Məmmədov, Nahid Əmirov, Mais İbrahimov, Davud Fərzəliyev, Kənan Rzazadə, Salyan rayon sakini Əlifağa Axundov, Qazax rayon sakini Ramin Əhmədov və Astara rayon sakini Elnur Məhərrəmov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Keçirilən nəzarət tədbirləri zamanı Kür çayının ayrı-ayrı inzibati rayonlarının ərazilərindən keçən hissəsindən ümumilikdə 1575 metr uzunluğunda sintetik tor yığışdırılıb. Eyni zamanda, Salyan rayonu Yenikənd kəndinin inzibati ərazisində ov qaydalarını pozduğuna görə Masallı rayon sakini Əliağa Ağayev saxlanılıb.
Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.