Regional Təhsil İdarəsinin müdiri Qəbələdə şəhid ailələri ilə görüşüb

10:57 - 21 Oktyabr 2022 - ÖLKƏ İÇİ

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Qəbələ rayonunda şəhid ailələrinin üzvləri ilə görüşüb.

Ucnoqta.az xəbər verir ki, görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev,  rayon İcra Hakimiyyətinin başçısının müavini Arif Allahverdiyev, təhsil sektorunun müdiri Arifə Bayramova və şəhid ailələrinin üzvləri iştirak edib.

Tədbirin əvvəlində ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev çıxış edərək Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi, rəşadətli Ordumuzun qüdrəti, xalqımızın həmrəyliyi nəticəsində əzəli və əbədi torpaqlarımızın düşmən işğalından azad edildiyini, xalqımızın ən böyük arzusuna qovuşduğunu bildirib. İdarə müdiri adları tarixə əbədi yazılan şəhidlərimizin ölkəmizdə daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu vurğulayaraq vətənpərvər, mərd, şücaətli övladlar yetişdirdiklərinə görə şəhid valideynlərinə minnətdarlığını bildirib. Qeyd edib ki, Təhsil İdarəsinin əhatə etdiyi ərazilərdə müsabiqədənkənar işlərə qəbul zamanı işlə təminetmə prosesində müraciətçinin ilk olaraq şəhid ailəsinin üzvü, qazi və ya Vətən müharibəsi iştirakçısı olması diqqətdə saxlanılır, şəhid ailələri tərəfindən qaldırılan məsələlər dinlənilir, həlli istiqamətində müvafiq işlər görülür.

Daha sonra Qəbələ rayon İcra Hakimiyyətinin başçısının müavini Arif Allahverdiyev  çıxış edərək tarixi qələbənin şəhidlərin qanı bahasına əldə edildiyini vurğulayıb və belə vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə görə şəhid ailələrinə təşəkkürünü bildirib.

Çay süfrəsi ətrafında davam edən səmimi söhbət zamanı çıxış edən şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Sonda şəhid ailələrinin problemləri və onları narahat edən məsələlər dinlənilib.


Xəbər xətti