Abşeronda 16 yaşlı nişanlısını öldürən şəxslə bağlı RƏSMİ AÇIQLAMA - (Yenilənib)

13:30 - 20 Oktyabr 2022 - HADİSƏ

Azərbaycanda 26 yaşlı oğlan 16 yaşlı nişanlısını öldürüb.

Bu barədə Ucnoqta.az-a Abşeron Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 20-si Abşeron rayonu ərazisində 2006-cı il təvəllüdlü A.N. (ad, soyadı şərtidir) öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin nişanlısı, 1996-cı il təvəllüdlü Murad Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla xəsarət yetirərək A.N. qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Murad Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

13:06

Bu gün səhər saatlarında Abşeron rayonu Hökməli qəsəbəsində qətlə yetirilən qızın kimliyi məlum olub.


Ucnoqta.az xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qətlə yetirilən yeniyetmə qəsəbə sakini, 12 dekabr 2006-cı il təvəllüdlü H. Rəcəbovadır.

Hadisə qəsəbə məscidinin qarşısında baş verib.

Belə ki, gənc oğlan 16 yaşlı qıza hücum edərək bıçaqla onun boğaz nahiyəsinə ağır xəsarət yetirib.

H.Rəcəbova xəstəxanaya çatdırılsa da, vəfat edib.

Bildirilir ki, hadisəni törədən şəxs qaçsa da, onun kimliyi müəyyən edilib. Hazırda onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində iş aparılır.

12:18

Azərbaycanda dəhşətli qətl törədilib.


Lent.az xəbər verir ki, hadisə bir az əvvəl Abşeron rayonunun Hökməli qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, 16 yaşlı qızın başını kəsərək öldürüblər.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Xəbər xətti