Şuşa Qarabağın tacıdır

11:46 - 13 Oktyabr 2022 - ÖLKƏ İÇİ

Şuşa işğal olunanda mən heç dünyaya gəlməmişdim. Lakin kitablardan, verilişlərdən  öyrəndiklərimdən və gördüklərimdən, şahidlərin, o cümlədən dəfələrlə orada olmuş atamın söylədiklərindən sonra Şuşa mənim üçün möcüzələr diyarına çevrildi.

Nədənsə “Şuşa” deyəndə ilk xəyalıma gələn şəffaf və bərq vuran şüşə olur. Düşünürəm ki, Şuşa qızıl üzüyün brilyant qaşıdır. Şairin dili ilə üzümü Şuşaya tutub demək istəyirəm:

Sən dağların başında mirvarisən, incisən,
Şəhərlər sırasında dünyada birincisən!
Gözəlliyin Tanrının qüdrətindən yaranmış,
Tanrı verən payından bütün cahan barınmış… (K.Kərimli)

Niyə “gözəlliyi Tanrının qüdrətindən yaranmış” Şuşa bizim üçün bu qədər onəmlidir? Bu suala Ümummilli liderimiz H.Əliyevin sözləri ilə cavab vermək istərdim. O deyirdi:” Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”. 

Şuşanın ab-havası, iqlimi tamam bambaşqadır. Şuşa dağlarının məğrurluğu, gül-çiçəyinin ətri, quşlarının nəğməsi, bulaqlarının zümzüməsi, şəlalələrinin şırıtlısı o qədər qeyri-adidir ki, onu olduğu kimi təsvir etmək mənim üçün çox çətindir. Loğman şəhəri idi Şuşa. Dərmansız, iynəsiz insanları müalicə edirdi, həyata qaytarırdı. Eşitdiyimə görə, keçmişdə dava-dərman təsir etməyən xəstələrə deyərmişlər ki: "Get, bir neçə gün Şuşada qal. Qoy Qarabağın havası səni sağaltsın.  Dünyada uca dağlar da çoxdur, dilbər guşələr də, gözəl şəhərlər də. Amma bizim üçün Şuşanın əvəzi yoxdur, yeganədir, təkdir, taleyimizə, bəxtimizə yazılan cah-cəlaldır.

XVIII əsrin birinci yarısında Pənahəli xan Cavanşir tərəfindən üç tərəfi sıldırım qayalarla, dərin uçurumlarla, dərələrlə əhatə olunan hündür, əlçatmaz bir yerdə  əsası qoyulan Şuşa qalası   Qarabağ xanlığının inzibati paytaxtına, siyasi mərkəzə çevrilmişdi. Şuşada idarəetmə və dövlətçilik ənənələri mövcud idi.

“Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimlərin vətəni, eləcə də tarixi mədəniyyət,   sənətkarlıq və ticarət mərkəzi kimi tanınan Şuşa nəinki Qafqazda, Yaxın Şərq ölkələrində də məşhur idi. Getdikcə daha da gözəlləşən bu şəhər Qafqazın dəbdəbəli şəhərlərindən sayılır və Qafqazın incisi hesab olunurdu. Zənginliyinə və ticarət əlaqəsinə görə Şuşa İrəvan, Tiflis, Gəncə, Bakı, Şamaxı, Naxçıvan kimi inkişaf etmiş şəhərlərlə bir sırada dayanırdı.

Şuşa təkcə özünün coğrafi gözəlliyi və siyasi mərkəz olması ilə deyil,   tarixi və mənəvi irsimizin nümunələrini özündə əks etdirməsi ilə də tarixi və mədəni əhəmiyyətə malikdir. Şuşa mədəniyyət paytaxtı – mədəniyyət beşiyidir. Burada Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələri yaşayaıb, yaratmışlar.

Şərq ölkələrinin mədəniyyət mərkəzlərindən olan, milli memarlıq uslubu və şərqlilərə məxsus memarlığı ilə seçilən,   mədəniyyətimizə , ədəbiyyatımıza, incənəsətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamımızın beşiyi sayılan, Azərbaycan tarixinə Q. Zakir, X. Natəvan, M.Nəvvab, N. Vəzirov, Ə.Haqverdiyev, Y. V. Çəmənzəminli, F. Köçərli, Ə. Ağaoğlu kimi şəxsiyyətlər bəxş edən Qarabağın dilbər guşəsi olan Şuşa, həqiqətən, özü boyda tarixi abidədir.

Azərbaycan musiqisinin banisi hesab olunan Üzeyir Hacıbəyov da uşaqlıq illərində bu şəhərdə yaşamışdır.   Üzeyir bəylə yanaşı, C.Qaryağdıoğlu, Bülbül, X. Şuşinski, Niyazi, R. Behbudov, F.Əmirov və S.Ələsgərov kimi korifeylər də Şuşada yazıb yaratmışlar. Bu şəxslərə və Azərbaycan mədəniyyətindəki yerinə görə məhz Şuşa “Qafqazın Konservatoriyası” adlanırdı.  Bu dilbər diyardan pərvazlanan şəxsiyyətlər o qədər çoxdur ki, hamısını xatırlaya bilmirəm.

Şuşanın gözəlliyi, füsunkarlığı, təbiəti və siyasi mərkəz rolunda olması bir çox fatehlərin diqqətini özünə cəlb etmişdir. “Şuşanı idarə edən Qarabağı idarə edər” fikiri də məhz buradan meydan gəlmişdir.

Tarixin müxtəlif dönəmlərində düşmənə təslim olmayan Şuşa qalası aylarla mühasirədə saxlanılsa da, bu cənnətməkan diyarı fəth etmək heç kimə nəsib olmamışdır. Lakin 1992-ci ildə  bu qədim şəhər səhlənkarlığın qurbanı oldu. Beləcə əsrlərdən bəri alınmaz qala kimi düşmən hücumlarına mətanətlə sinə gərən Şuşa həmişə təbiətinə, gur sulu bulaqlarına həsəd aparan ermənilərə əsir oldu.  28 il məhbusluq həyatı yaşadı Şuşa. Onunla bərabər, Azərbaycan xalqı da ağrı-acılar və həsrət içində qıvrıldı.

Şuşa düz 28 il talandı, vuran qoyuldu. Düz 28 il dağlarının başı qara buludlu, meşələri dumanlı olan Şuşada  qürbətdə qalan, səsi kəsilən sarı bülbül kimi sirdaşı xarı bülbülün də böynu bükük qaldı. Susa şuşalılarsız qaldı. Cıdır düzü namərdlərin tapdağı altına düşdü.  Düşmən gülləsindən “yaralanan”  Bülbülün, Üzeyirin, Natəvanın heykəlləri doğma xalqına qayıdacağı günü gözlədilər.

Şuşa düşmən əsarətində də qəddini əymədi. Gözəl Şuşa özünün yeni növrağının başlayacağına inandı, səbir və həsrətlə onu xilas etməyə gələcək igid övladlarının yolunu gözlədi.

Azərbaycan xalqının da ümidi heç bir zaman itmədi, məhz bu səbəbdən 28 illik əsarətə dözdü, tab gətirdi.  Hamı inanırdı ki, doğmalarının nəfəsinə həsrət qalan xarı bülbül yenə öz gözəlliyi ilə onları valeh edəcək. Hər kəs bilir və başa düşürdü ki, “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”.(H.Əliyev)

Nəhayət, belə bir gün gəldi. 44 günlük Vətən müharibəsində rəşadətli ordumuz Şuşaya qələbə bayrağını cancdı. Həmin gün – noyabrın 8-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İ. Əliyevin “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” ifadələri Azərbaycan xalqının bütün acılarını unutdurdu. Şuşa öz igid övladarının qəhrəmanlığı, canı və qanı bahasına azad oldu.   

Bu xoş xəbər Azərbaycanı ayaq üstə qaldırdı. İnsanlar küçələrə, meydanlara axışaraq qürur və böyük sevinc hisslərini paylaşır, bir-birinə gözaydınlığı verirdilər. Bu qələbə milli tarixiizin, qürürümuzun, mənliyimizin, mədəniyyət və incəsənətimizin, Qarabağın baş tacının xilas edilməsi demək idi. Bu, ordumuzun gücünün, xalqımızın birliyinin təzahürü idi. Şuşanın və digər işğal olunmuş ərazilərimizin azad olunması üçün həyatını qurban vermiş şəhidlərimizi, qazilərimizi və igid döyüşçülərimizi daim yad etmək və xatırlamaq hər birimizin borcudur. Bu borc isə heç nə ilə ödənilməz. 

Öz azadlığına qovuşmuş Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir. Şuşanın xalqımız üçün tarixi əhəmiyyəti, yüksək mədəni-mənəvi dəyəri nəzərə alınaraq 2022-ci il “Şuşa ili” elan olunmuşdur. Hazırda Şuşanın əvvəlki görkəminin özünə qaytarması, eləcə də dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi üçün sürətli bərpa və quruculuq işləri aparılır. Artıq Şuşa yeni müstəqil, qüdrətli və qalib Azərbaycanın ictimai-siyasi, mədəniyyət və incəsənət mərkəzidir.

Bu gün Şuşa   özünün yeni növrağını yaşayır, sevilir və gözəlləşir. Yenə qonaqlı- qaralı Cıdır düzü igidlərin məskəninə çevrilir. Şuşada azan səsi eşidilir.

Şuşa haqqında daha çox yazmaq istərdim. Amma öz gözlərimlə gördüklərimi yazmaq daha səmimi olardı, məncə. Qarabağı, üç nəfər həmkəndlimin də uğrunda şəhid olduğu Şuşanı öz gözlərimlə görmək istərdim. Orada şəhidlərimizi yad etmək, qazilərimizi və Şuşa fatehlərini xatırlamaq,  aparılan işləri, insanların həsrət qaldıqları yurdlarına qovuşmağını və təhlükəsiz yaşamasını görmək ən böyük arzumdur.

Bu ümidlə yazıma nöqtə qoyuram. 


Sevda  Verdiyeva,
ADPU-nun Şəki filialının IV kurs tələbəsi

                                                                

 

 

Xəbər xətti