Bakıda AĞIR QƏZA: Gömrük Komitəsinin əməkdaşı və tələbəsi faciəvi şəkildə öldü - FOTO

16:30 - 23 Sentyabr 2022 - HADİSƏ

Bu gün Bakıda 2 piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Ucnoqta.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Firdovsi Eyvazov idarə etdiyi “KamAZ” markalı, 99-XD-495 dövlət qeydiyyat nişanlı yük maşını ilə piyadaları vurub.

Nəticədə Dövlət Gömrük Komitəsinin əməkdaşı, 1975-ci il təvəllüdlü Mikayılova Əntiqə Usubalı qızı və Dövlət Gömrük Komitəsinin Akademiyasının 2-ci kurs tələbəsi, 2004-cü il təvəllüdlü Əzizli Elvin Şahin oğlu hadisə yerində vəfat edib. İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə hər iki şəxs avtobusdan düşdükdən sonra baş verib. Onlar ictimai nəqliyyatdan düşəndən sonra svetaforun qarşısından yolu keçməyə çalışıblar. Bu zaman yük maşını hərəkətini dayandıra bilməyərək onları vurub. 

Bakı şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, hadisə yerində araşdırmalar aparılır. Hadisə Dövlət Gömrük Komitəsinin Akademiyasının yaxınlığında baş verib.

Qeyd edək ki, oktyabrın 13-də mərhum tələbə Elvin Əzizlinin 18 yaşı tamam olacaqdı. 

Məlumat üçün bildirək ki, qəzanın baş verdiyi ərazidə düyməli svetafor quraşdırılıb. Belə ki, həmin işıqfor yalnız düyməsi piyadalar tərəfindən sıxıldıqdan sonra sürücülər üçün qırmızı işıq yanır və vətəndaşlar xətdən keçə bilir.

15:33

Bakıda dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

Manset.az-ın əldə etdiyi məlumata görə, Sabunçu rayonununda Dövlət Gömrük Akademiyasının qarşısında yolu keçmək istəyən iki tələbəni avtomobil vurub. Nəticədə tələbələr dünyasını dəyişib. Hadisə yerinə Yol patrul xidmətinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Ölən şəxslərin şəxsiyyəti dəqiqləşdirirlir. Dünyasını dəyişən şəxslərin Dövlət Gömrük Akademiyasının tələbəsi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 


Xəbər xətti