Daxili İşlər Nazirliyi Yevlaxda uşağın polis zabiti tərəfindən döyülməsinə dair iddialara münasibət bildirib.
Ucnoqta.az xəbər verir ki, Nazirliyin yaydığı məlumatda deyilir:
"Yevlax rayonunda yaşayan bir nəfər Rayon Polis Şöbəsinə müraciət edərək azyaşlı oğlunun sinif yoldaşı tərəfindən döyülməsi barədə müraciət edib. Rayon sakini olan qarşı tərəf də azyaşlı övladının həmin uşağın polis əməkdaşı olan valideyni tərəfindən döyülməsi barədə müraciət edib.
Qeyd edilən müraciətlərlə əlaqədar müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir. Araşdırmaların yekunu barədə əlavə məlumat veriləcək".
17:50
Yevlaxda polis 4-cü sinif şagirdinə xəsarət yetirib.
"Unikal"ın məlumatına görə, hadisə Yevlax şəhərində Sahib Əliyev adına 1 saylı orta məktəbdə baş verib.
Belə ki, həmin məktəbin 4-cü sinif şagirdi olan Cavid sinif yoldaşı 2013-cü il təvəllüdlü Tunar Anar oğlu Kamranlı ilə dalaşıb.
Zərərçəkənin anası Rəqsanə Əliyevanın verdiyi məlumata görə, Cavidin atası, Yevlax şəhər Polis şöbəsinin təhqiqatçısı Vüsal Hüseynov övladına boğazından xəsarət yetirib, başını yazı taxtasına, partaya və döşəməyə vurub.
Faktla bağlı araşdırma aparıllr.