Şimal-qərb zonası təhsil işçilərinin sentyabr konfransı keçirilib

19:59 - 12 Sentyabr 2022 - ÖLKƏ İÇİ

Sentyabrın 12-də Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.

Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən konfransda Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında çalışan təhsil işçiləri iştirak ediblər.

Regional Təhsil İdarəsindən Ucnoqta.az-a bildirilib ki, tədbirdən öncə qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev açaraq, təhsil işçilərini tədris ilinin başlanması münasibətilə təbrik edib, yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunub.

Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxışında ötən tədris ilində Şəki rayonunda təhsil sahəsində qazanılan nailiyyətlərdən bəhs edib.

Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2026-cı illər üzrə təhsil strategiyasının məzmunu ilə bağlı konfrans iştirakçılarına məlumat verib. Nazirliyin rəsmisi Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin 2021-2022-ci il tədris ili üzrə göstəricilərinə dair statistik məlumatları iştirakçıların diqqətinə çatdırıb, növbəti illərdə qarşıda duran ən vacib məsələlər və müəyyən olunmuş hədəfləri qeyd edib.

Konfransın sonunda yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib, suallar cavablandırılıb.


Xəbər xətti