Neftçalada şəhid bulağının açılışı oldu - FOTO

19:46 - 7 Sentyabr 2022 - ÖLKƏ İÇİ

Neftçala rayonunda şəhid Rövşən Ağamalıyevin anım günü keçirilib və şəhidin adına bulağın açılışı olub.

Ucnoqta.az xəbər verir ki, bulağın açılış mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, din xadimləri, qazilər, rayon ictimaiyyəti və ağsaqqallar iştirak edib.

Dövlət himni səslənib, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Şəhidin ailə üzvləri və qonaqlar şəhid Rövşən Ağamalıyevin döyüş yolundan və igidliyindən danışıblar.

Ağamalıyev Rövşən Baloğlan oğlu 7 sentyabr 1975-ci ildə Neftçala rayonu Bankə qəsəbəsində anadan olub. Bankə qəsəbə 1 saylı tam orta məktəbini bitirib. Ağdamın Mərzili, İsmayılbəyli, Bağmanlar kəndləri uğrunda gedən döyüşlərdə xüsusi igidliklər göstərib. Döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif olunub. Şəhidin medalı Ulu Öndər Heydər Əliyev tərəfindən atası Baloğlan Ağamalıyevə təqdim olunub.

Çıxış edən Mirhəsən Seyidov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və 44 gündə qələbə ilə başa çatan Vətən Müharibəsinin tarixi əhəmiyyətindən danışıb, Rövşən və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını diqqətə çatdırıb. Şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinin hər zaman Prezident İlham Əliyev  tərəfindən diqqət və qayğıda saxlanıldığını vurğulayıb.

Şəhid Rövşən Ağamalıyevin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə ediblər. Buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.

Tədbir şəhidin adına təşkil olunan ehsan süfrəsi ilə davam edib.


Xəbər xətti