Laçın dəhlizinə alternativ yol hansı ərazilərdən keçir? - Ekspert - FOTO

12:43 - 29 Avqust 2022 - ÖLKƏ İÇİ

"Laçın şəhərindən yan keçən və Qarabağ iqtisadi rayonunu Qərbi Zəngəzurla birləşdirən yeni yolun uzunluğu barədə ciddi müzakirə getdiyini gördüm. Müzakirəyə səbəb bəzi şəxslərin həmin yolun uzunluğu və sülhməramlıların nəzarətində qalacaq yolətrafı ərazilər barədə yanlış fikirləri olmuşdur.
Mən də bu məsələyə qısa aydınlıq gətirmək istəyirəm, çünki həm yolun layihəsinin müzakirəsində iştirak etmiş, həm də bu yol hazır olduqdan sonra onunla yerində tanış olmuşam".


Ucnoqta.az xəbər verir ki, bunu hüquqşünas, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib. Ərşad Hüseynov qeyd edir ki, yeni yolun uzunluğu təxminən 32 km-dir: 

"Bunun təxminən 10 km hissəsi Qərbi Zəngəzur ərazisindədir. Həmin hissə bizim üçün maraqlı deyil, çünki qonşu dövlətin (Ermənistanın) ərazisidir. Azərbaycan ərazisinə yeni yolun 22 km-lik hissəsi düşür. Bu da bizim iki rayonumuza aiddir: təxminən 8-9-km Laçın rayonunun ərazisinə, qalanı (13-14 km) Şuşa rayonunun ərazinə düşür.
Beləliklə, yeni yolun Laçın rayonu ərazisindən keçən hissəsi maksimum 9 km-dir. Marşrut elə seçilib ki, Laçın rayonu ərazisində bu yol maksimum qısa olsun, həm də yaşayış məntəqələrindən və yararlı torpaqlardan imkan daxilində yan keçsin. Ona görə də yeni yol yalnız Qayğı qəsəbəsindən keçir, Laçının başqa heç bir kəndindən keçmir (Məlumat üçün: Qayqı qəsəbəsi 1980-ci illərin sonunda separatçılar baş qaldırdıqdan sonra tikilməyə başlamış, bir neçə ev tikilmişdi. Lakin Laçının işğalı işləri yarımçıq qoydu. İşğal vaxtı vandallar qəsəbədə olan bütün evləri fundamentinə qədər söküb aparıblar, çünki onların tikintisində mişar daşları və beton plitələrdən istifadə edilmişdi).

Yolun Azərbaycana aid hissəsi Həkəri üzərindəki körpüdən başlayır (Zabux kəndindən təxminən 18 km uzaqda). Burada Həkəri sərhəd çayıdır".

Ekspet vurğulayır ki, yeni yolun köhnə yolla müqayisəsi isə belədir: 

"Qeyd etdiyim kimi, yeni yolun Laçın rayonu ərazisinə düşən hissəsi maksimum 9 km-dir, köhnə yol isə Laçın şəhərinin mərkəsindən keçməklə rayon arzisində uzunluğu təxminən 30 km-dir (23 km Laçından Qərbi Zəngəzurun sərhədinə qədər, təxminən 7 km Laçından Şuşa rayonun ərazisinə keçənə qədər). Göründüyü kimi, yeni yolun rayonumuzdan keçən hissəsi köhnə yolun rayonumuzdan keçən hissəsindən ən azı 20 km qısadır.
Sülhməramlıların yeni yol boyu nəzarət edəcəyi ərazinin parametrləri ilə bağlı məsələ isə, mən bildiyim qədər hələ ki, açıqdır. Bunun əvvəlki kimi 5 km-lik (yolun hər iki tərəfinə 2,5 km olmaqla) zona, yoxsa sadəcə yolboyu daha kiçik bir zona olacağı yaxın günlərdə tam aydın olacaq. Ən pis halda köhnə yol boyu sülməramlıların Laçın rayonunda nəzarət zonası təxminən 140-150 kvadrat km olduğu halda, yeni yolda bu maksimum 45 kvadrat km ola bilər.
Yolun Şuşa rayonu ərazisinə düzən hissəsi isə hələ ki, sülməramlıların nəzarəti altındadır, çünki Şuşa rayonunun Vətən müharibəsi zamanı azad edilən əraziləri (o cümlədən Şuşa şəhəri) istisna olmaqla, qalan bütün ərazisi sülhməramlılaın nəzarət zonasıdır.
Çox vacib məsələ isə odur ki, yeni yol sayəsində bizim camaat sülhməramlıların müşayiəti və hər hansı xüsusi yoxlama tədbiri, hər hansı xüsusi qrafik olmadam cənubdan Laçın rayonuna keçə və geri qayıda biləcək. Sülhməramlıların postu olacaq, lakin onlar yoxlama aparmadan sadəcə nəzarət edəcəklər ki, insidentlər olmasın. Yollarımız kəsişmir, çünki körpü həm də qovşaqdır, bizim camaat körpünün altından, onlar üstündən hərəkət edəcəklər (bu rejim yaxın günlərdə tətbiq ediləcək)".


Xəbər xətti