Vətən müharibəsi şəhidinin doğum günü qeyd olunub - Foto

16:16 - 14 Avqust 2022 - ÖLKƏ İÇİ

Neftçala şəhərinin Vətən müharibəsi şəhidi gizir Dadaşov Elvin İmanqulu oğlunun 29-cu doğum günü qeyd olunub.

Ucnoqta.az xəbər verir ki, tədbirdə Neftçala RİH başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, YAP-nın Neftçala rayon təşkilatının sədri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, din xadimləri və qazilər iştirak edib.
İlk öncə şəhid gizir Dadaşov Elvinin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb və ruhuna dualar oxunub.

Şəhidin ailə üzvləri görüşən Neftçala RİH başçısı Mirhəsən Seyidov ailənin sosial vəziyyətləri, qayğıları, məişət məsələləri ilə maraqlanıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gündə qələbə ilə başa çatan Vətən Müharibəsinin tarixi əhəmiyyətindən danışıb və şəhidlərimizin qanının yerdə qalmadığını diqqətə çatdırıb. Şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli hər zaman Prezident İlham Əliyev tərəfindən diqqət və qayğıda saxlanıldığını vurğulayıb. Neftçala rayonunda da şəhid ailələri, qazilərə diqqət və qayğı göstərilməsinin yüksək təşkil olunmasını qeyd edən Neftçala RİH başçısı bundan sonrada hər zaman şəhid ailələri və Vətən müharibəsi iştirakçılarına həssaslıq ilə yanaşılacağını bildirib.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət, qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Şəhid Dadaşov Elvin İmanqulu oğlu 14 avqust 1993-cü il Neftçala şəhərində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 2020-ci il noyabr ayının 19-da Neftçala şəhəri Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalı və 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalları ilə Elvin Dadaşov ölümündən sonra təltif edilib.
 


Xəbər xətti