Bakıda 18 il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayır.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, 18 il əvvəl paytaxtın Yasamal rayon sakinləri - 1947-ci il təvəllüdlü Rəhilə Cəlilova və nəvəsi, 1989-cu il təvəllüdlü Aygün Əzizovanın birgə yaşadıqları mənzildə qəsdən öldürülmələri ilə faktı bağlı cinayət işinin ibtidai istintaqı qurumun İstintaq idarəsində tamamlanıb.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri ilə Anar Ağalarovun mərhum xalası oğlu Teymur Məmmədov və sonuncunun qardaşı Fərid Məmmədli ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Rəhilə Cəlilovanın xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə ona məxsus mənzilə qanunsuz olaraq girib bıçaqla çoxsaylı xəsarətlər yetirərək Rəhilə Cəlilova və Aygün Əzizovanı qəsdən öldürmələrinə, daha sonra isə mənzildə olan 2 milyon 951 min 400 manat (600 ABŞ dolları) məbləğində pulu götürüb ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanan sübutlar əsasında Fərid Məmmədli və Anar Ağalarova Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə adam öldürmə) və digər maddələri ilə ittiham elan edilib.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qətlə yetirilən A.Əzizova hadisə baş verərkən Cəlilabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini olan Asif Əzizovun qızı, R.Cəlilova isə onun qayınanasıdır.
Asif Əzizov 1999-2002-ci illərdə Cəlilabad icra başçısının aqrar məsələlər üzrə müavini vəzifəsində çalışıb, daha sonra birinci müavin vəzifəsinə irəli çəkilib. 2015-ci ildə A.Əzizov öz ərizəsi ilə vəzifədən azad edilib.
O, vəzifədən azad ediləndən sonra biznes fəaliyyəti ilə məşğul olur.