“Azərbaycanda yeni iqtisadi inkişaf modelinə start verilir” - Vüqar Bayramov

Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası milli iqtisadiyyatın yeni qlobal reallıqlara uyğun daha da inkişaf etməsinə, bunun sayəsində ölkə iqtisadiyyatının yeni mərhələyə qədəm qoymasına səbəb olacaq.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov strategiyadan irəli gələn məsələlərlə bağlı “vergiler.az”ın suallarını cavablandırıb.

- Vüqar müəllim, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın reallaşması nəticəsində ölkə iqtisadiyyatında hansı dəyişikliklər gözlənilir?
- Bu strategiyanın hazırlanması və təsdiqi Azərbaycanda yeni iqtisadi inkişaf modelinin tətbiqi anlamına gəlir. Əsas məqsəd müasir çağırışlara, əvvəlki illərdə əldə edilmiş uğurlara əsaslanaraq, sürətli inkişaf strategiyasına nail olmaqdır. Strategiyanın icrası, praktiki olaraq, bir tərəfdən ümumi daxili məhsulda dayanıqlığın və stabil iqtisadi artımın təmin olunmasına gətirib çıxaracaq, digər tərəfdən prioritet sektorların daha yaxından dəstəklənməsi üçün yeni imkanlar yaradacaq.

Strategiyada 5 milli prioritet üzrə tədbirlərin həyata keçirilməsi və dəstəklənməsi nəzərdə tutulur. Bu tədbirlər birmənalı şəkildə iqtisadi inkişafın inklüzivliyinin daha dayanıqlı olmasını təmin edir. Əsas məqsəd ölkə iqtisadiyyatında innovasiyaları tətbiq etmək, “yaşıl enerji zonası” konsepsiyasının, bu gün dünyada kifayət qədər aktual olan yeni iqtisadi modellərin, mexanizmlərin tətbiqinə nail olmaqdır. Bu baxımdan, strategiyanın tətbiqi Azərbaycanda iqtisadi inkişafın yeni bir mərhələsinin başlanması deməkdir. Bu, daha inklüziv, daha dayanıql və daha texnoloji əsaslı bir mərhələ kimi xarakterizə olunur.

- Ölkədə iqtisadi artımın nəyin hesabına və nə qədər artırılması hədəf kimi müəyyən edilir?
- Strategiyanın icra olunacağı müddətdə ölkə iqtisadiyyatının hər il orta hesabla 3-4, qeyri-neft-qaz ÜDM-in isə təxminən 5 faiz artacağı proqnozlaşdırılır. Özəl sektorun iqtisadiyyatda payının 88 faizə çatdırılması nəzərdə tutulur. Son illərin statistik rəqəmləri, təcrübəsi, strategiyada hədəflənmiş istiqamətlər bir daha təsdiq edir ki, Azərbaycanın iqtisadi artımında qeyri-neft sektoru lokomativə çevrilməkdədir. Bu, cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekun göstəricilərində də özünü göstərdi. Həmin dövrdə Azərbaycan iqrtisadiyyatı 6,2 faiz, qeyri-neft sektoru 9,6 faiz artıb. Əvvəlki ildə də oxşar artım tempi qeydə alınmışdı. Qeyri-neft sektorundakı artım ümumi iqtisadi artımla müqayisədə daha çoxdur. Təbii ki, bu, bütövlükdə iqtisadi artımın, fiskal gəlirlərimizin formalaşmasında qeyri-neft sektorunun inkişafını xarakterizə edən əsas səbəblərdən biri kimi qiymətləndirilir. Strategiyaya uyğun olaraq, Azərbaycanın qeyri-neft ixracı 80 faiz artacaq. Bu, növbəti 4 ildə neftdənkənar sektorun istehsal imkanlarının genişləndirilməsi, eyni zamanda yaranmış dəyərin bir hissəsinin ixrac olunması anlamına gəlir. Nəticə etibarilə ölkənin daxili valyuta həcmində qeyri-neft sektorunun payının artması müşahidə olunacaq ki, bu da enerjidənkənar sektorun inkişafını xarakterizə edən əsas göstəricilərdəndir. O baxımdan, strategiyaya uyğun olaraq, iqtisadi inkişafda neftdənkənar sektorun payının artması, xüsusilə sənaye, turizm, xidmət, kənd təsərrüfatı kimi prioritet istiqamətlərdə artım tempinin qorunub saxlanılması, bir sıra sektorlarda daha yüksək artıma nail olunması qeyri-neft sektorunun ümümi iqtisadiyyatdakı payının növbəti 4 ildə hissolunacaq dərəcədə artacağından xəbər verir.

- Strategiyada sahibkarlığa dövlət dəstəyinin daha da gücləndirilməsi əsas istiqamətlərdən biri kimi göstərilir. Sahibkarlar bu strategiyanın icrasından nə əldə edəcəklər?
- Strategiyanın əsas hədəflərindən biri sahibkarlığın daha sürətli inkişafına nail olmaq üçün sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsidir. Sahibkarlara verilən kreditlərin həcminin artırılması ilə bağlı hədəflərin nəzərdə tutulması, eyni zamanda “Abşeron vadisi” kimi yeni layihələrin tətbiqi, startaplar üçün xüsusi maliyyə mexanizmlərinin reallaşması bu dəstəyin daha da güclənəcəyindən xəbər verir. Nəzərə alsaq ki, “Abşeron vadisi”nə 300 startapın cəlbi planlaşdırılır, bu, 13 milyon dollardan artıq investisiyanın iqtisadiyyata cəlb edilməsi deməkdir.

- Dövlət sahibkarlar üçün daha hansı dəstək mexanizmlərini təklif edəcək?
- Sahibkarların dəstəklənməsi ilə bağlı konkret dövlət mexanizmləri var. Növbəti 4 ildə sahibkarların güzəştli kreditlərdən istifadə mexanizmi və bu mexanizmlərin genişləndirilməsi öz prioritetliyini qoruyub saxlayacaq. Ümumilikdə strategiya yaxın 4 ildə və bütövlükdə 2030-cu ilədək olan müddətdə sahibkarların daha yaxından dəstəklənməsini özündə ehtiva edir. Güzəştli kredit mexanizminin təkmilləşdirilməsi, sahibkarlara daha çox prioritet istiqamətlər üzrə güzəştli kreditlərin verilməsi, aşağı faizli kreditlərə çıxış imkanlarının artırılması nəzərdə tutulur. Bu da sahibkarlıq fəaliyyətinin dəstəklənməsi baxımından çox vacib istiqamətlərdəndir. Eyni zamanda, yeni alətlər, aqrar sahədə çalışanlar üçün yeni subsidiya mexanizmləri, digər sektorlarda çalışanlara yeni maliyyələşmə və güzəştlər tətbiq olunacaq. Sahibkarlar üçün maliyyə mənbələrinin genişləndirilməsi də əsas hədəflərdəndir. Bütün bunlar sonda sahibkarlığın inkişafı üçün yeni imkanlar yaradacaq.

- İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara hansı güzəştlər nəzərdə tutulur?
- Təbii ki, bu istiqamətdə də genişmiqsaylı güzəştlərin tətbiq ediləcəyi gözlənilir. İşğaldan azad edilmiş ərazilərdə və digər bölgələrimizdə sənaye parkları, sənaye məhəllələri vasitəsilə güzəştlərin tətbiqi birmənalı şəkildə bunu təsdiq edir ki, sahibkarlığın təşviqi əsas istiqamətlərdən biridir. İşğaldan azad edilmiş ərazilərimizdə iqtisadiyyatın formalaşmasına və onun Azərbaycan iqtisadiyyatına reinteqrasiyası prosesinə sahibkarlar daha fəal şəkildə cəlb olunacaqlar. Burada fərqli güzəşt mexanizmlərinin tətbiqi, xüsusən güzəştli kreditlərin sayının artırılması kimi hədəflər var.

- Dövlət investisiya layihələrinin idarə edilməsində səmərəliliyin yüksəldilməsi məqsədilə yeni qaydanın qəbul edilməsi nəzərdə tutulur. Sizcə, bu qaydada hansı prioritet istiqamətlərə üstünlük verilməlidir?
- Dövlət investisiya layıhələrinin idarə edilməsi mexanizminin təkmilləşdirilməsi bu gün vacib amillərdəndir. İnvestisiya layihələrinin maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi, “gizli iqtisadiyyat”la mübarizə kontekstində dövlət satınalmaları mexanizminin şəffaflığının, səmərəliliyinin artırılması əsas hədəflərdəndir. Rəqabətin gücləndirilməsi yolu ilə idarəetmə sisteminin daha da təkmilləşdiriləcəyi gözlənilir. Qeyd etmək istərdim ki, dövlət satınalmaları ilə bağlı yeni qanun layihəsi hazırlanır. Bundan başqa, Rəqabət Məcəlləsinin Milli Məclisin payız sessiyasında parlamentə təqdim ediləcəyi gözlənilir. Ona görə də həm qanunvericlik bazasının möhkəmləndirilməsi, həm də şəffaflığın artırılması istiqamətində yeni kompleks tədbirlər həyata keçiriləcək. Azərbaycan Prezidentinin göstərişləri də “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması, iqtisadiyyatda şəffaflığın və səmərəliliyin artırılması ilə bağlıdır. Dövlət başçısının qeyd etdiyi kimi, bu istiqamətdə uğurlar əldə olunsa da, bir sıra fəaliyyətlər üzrə islahatların dərinləşdirilməsinə ehtiyac var. Növbəti illərdə məhz həmin istiqamətlər üzrə islahatların dərinləşdirilməsi həm “gizli iqtisadiyyat”ın minimumlaşdırılmasına imkan verəcək, həm də dövlət investisiya layihələrində, dövlət satınalmalarında şəffaflığın, səmərəliliyin yüksəlməsinə gətirib çıxaracaq. Bu, eyni zamanda, dövlət-özəl tərəfdaşlığının tətbiqinə şərait yaradacaq. Yalnız bu halda şəffaflığın, səmərəliliyin daha da yüksəldilməsi mümkündür.

Tarix
28 İyul 2022 [11:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-07-28 11:39:28
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin