"Ev növbəsinə götürülə bilmir, sığorta da almayıb" - Evinin fotoları yayılan QAZİ HAQQINDA AÇIQLAMA

15:49 - 26 İyul 2022 - ÖLKƏ İÇİ

Astara rayon icra hakimiyyəti başçısının müavini Firəngiz Sadıxova rayonun Səlivə kəndindən olan Vətən Müharibəsi qazisi Məlik Məlikovun sosial şəbəkədə yayılan fotoları barədə açıqlama verib.

F.Sadıxova Manset.az-a bildirib ki, qazi Məlik Məlikov hazırda Astarada yaşamır, Bakıda işləyir:
"Bu uşaq Səlivə kənd sakinidir. Əlilliyi olmadığı üçün ev növbəsinə götürülə bilmir. Həmin oğlanda yüngül xəsarətdir, sığorta da almayıb. Əlillik təsdiq ediləndən sonra növbəyə götürülür. Biz bayramlarda ailə vəziyyətini nəzərə alaraq, həmin qaziyə həm maddi yardım, həm də digər yardımlar edirik. O, bizə işə görə də müraciət edib və məşğulluq marafonuna da salınıb. Astara kiçik rayondur və bizim üçün qazilər, şəhid ailələri çox önəmlidir. Vakansiya olan kimi onları işə yerləşdiririk".

Qeyd edək ki, sözügedən fotoları ilk olaraq jurnalist Kamil Həmidov paylaşıb.

Xəbər xətti