Azərbaycanın Xalq artisti vəfat etdi - FOTO

18:44 - 17 İyul 2022 - ÖLKƏ İÇİ

Tanınmış bəstəkar, Azərbaycanın Xalq artisti, professor Sevda İbrahimova bu gün 83 yaşında vəfat edib.

S.İbrahimova 1939-cu il noyabrın 28-də Bakıda anadan olub.

O, əfsanəvi tarzən, Xalq artisti Qurban Primovun nəvəsi və görkəmli dramaturq, xalq yazıçısı Mirzə İbrahimovun və pianoçu Sara Primovanın qızıdır.

S.İbrahimovanın milli və klassik musiqimizin inkişafında böyük xidmətləri olub. Bülbül adına Musiqi Məktəbini fərqlənmə diplomu ilə bitirən Sevda İbrahimova iki ali musiqi təhsili alıb. O, Azərbaycan Dövlət Konservatoriyasının fortepiano və bəstəkarlıq fakültəsini bitirib. Onun müəllimləri görkəmli musiqiçilər Mayor Brenner və Qara Qarayev olub.

Qeyd edək ki, S.İbrahimova iki operanın, beş fortepiano konsertinin, orqan, tar və orkestr üçün konsertlərin, kantataların, kamera-instrumental və vokal kompozisiyalarının, fortepiano solo üçün çoxsaylı silsilələrin, uşaqlar üçün müxtəlif janrlı əsərlərin, filmlər və tamaşalar üçün musiqilərin müəllifidir. Bəstəkarın əsərləri təkcə ölkəmizdə deyil, ABŞ, Fransa, İsveç, Almaniya və dünyanın digər ölkələrinin konsert salonlarında səslənir. Allah rəhmət eləsin. ///oxu.az

Xəbər xətti