Gömrük generalının həbsində YENİ DETALLAR

09:02 - 16 İyul 2022 - ÖLKƏ İÇİ

Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. M.Rəsulovun vəzifə səlahiyyətlərindən istifadə etməklə, qabaqcadan əldə edilmiş sövdələşməyə uyğun olaraq DGK-nin digər vəzifəli şəxsləri vasitəsilə “Azərterminalkompleks” Birliyi tərəfindən hüquqi xidmət, reklam işləri, təlim-tədris və texniki servis xidmətlərinin göstərilməsi adı altında “Azerbaijan Legal Consulting İnternational Services” MMC, “Nanoc” MMC, “Veqa-Servis” MMC, “Meqan Group” MMC, “Omega Servis IKO” MMC, “Delta Servis İKO” MMC və digər şirkətlərin hesabına köçürülən, müvafiq işlər görülmədən və xidmətlər göstərilmədən nağdlaşdırılaraq geri qaytarılan xüsusilə külli miqdarda dövlət büdcəsi vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub.

“Qafqazinfo”nun araşdırması nəticəsində general-mayor M.Rəsulovun mənimsəmədə istifadə etdiyi şirkətlərin külli miqdarda vergi borcu olduğu üzə çıxıb. Bu məbləğ ümumilikdə 6 256.353.51 manat təşkil edir.

Belə ki, təkcə “Veqa-Servis” MMC-nin vergi borcu 4 925 378.49 AZN-dir. 2010-cu ildə yaradılan şirkətin qanuni təmsilçisi İsrafilov İlqar Aydın oğludur. Şirkətin hüquqi ünvanı Qobustan şəhəri, Yeni Massivdir.

“Delta Servis İKO” MMC isə 2018-ci ilin iyununda dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Novruzov Rövşən Tələt oğludur. Adıçəkilən şirkətin də dövlətə külli miqdarda vergi borcu var. Hüquqi ünvanı paytaxtın Nərimanov rayonu, Maqsud Əlizadə, ev 120, m.1 olan “Delta Servis İKO” MMC-nin hazırda vergi borcu 161 001 manat təşkil edir.

“Omega Servis IKO” MMC-nin də qanuni təmsilçisi Rövşən Novruzovdur. Bu şirkətin də hüquqi ünvanı “Delta Servis İKO” ilə eynidir. 2018-ci ildə dövlət qeydiyyatına alınan şirkətin vergi borcu yarım milyon manatdan çoxdur. Bu, 534 539.01 manat deməkdir.

“Nanoc” MMC isə 2019-cu ilin fevralında qeydiyyata alınıb. Bu şirkətin də hüquqi ünvanı Nərimanov rayonudur. Şirkət Əhməd Rəcəbli ev 23A-da qeydiyyatdan keçib. Şirkətin qanuni təmsilçisi Dadaşov Zamiq Alşah oğludur. “Nanoc” MMC-nin də dövlətə vergi borcu var. Bu, 33 715.95 AZN-dir.

“Meqan Group” MMC-nin isə hüquqi ünvanı Quba rayonu, Amsar kəndi, qanuni təmsilçisi isə Vladimir Sementsov Alekseyeviçdir. 2019-cu ildə dövlət qeydiyyatına alınan şirkətin vergi borcu 601 719.06 manatdır.

“Azerbaijan Legal Consulting İnternational Services” MMC barəsində isə rəsmi mənbələrdə heç bir məlumata rast gəlmək mümkün deyil.

Xəbər xətti