“Mən də Qarabağ müharibəsi veteranıyam” – Siyavuş Novruzov

21:32 - 14 İyul 2022 - ÖLKƏ İÇİ

“Qazinin intihar etməsi Azərbaycanın hər bir vətəndaşını narahat edir. Özünü yandıraraq intihar edən qazimiz Elvin Cəfərova, şəhidlərimizə Allah rəhmət eləsin, qalanlara da sağlam can versin. Onların çəkdikləri əziyyət, torpaqlarımızın azad olunmasında göstərdikləri qəhrəmanlıqlar xüsusilə dövlətimiz, hər bir vətəndaşımız tərəfindən qiymətləndirilir, bundan sonra da qiymətləndiriləcək. Qazilərimizə hansı güzəştlər edilməsi lazımdırsa, bu, dövlət tərəfindən müəyyən olunub. Qanunvericiliklə də hər biri təsdiqlənib. Söhbət icradan gedir. Nəyinsə düzgün olmaması və ya yanlış yanaşma forması belə problemlərə gətirib çıxara bilər. Artıq hadisə olub. Hüquq-mühafizə orqanları məsələni araşdırır. İstintaqın gedişatına hər hansı bir təsir göstərmək olmaz. Təqsirkar kimdir, səbəb nədirsə, nəticələr ortaya çıxdıqdan sonra, təbii ki, məsələyə hüquqi qiymət verilər”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
Deputat qazilərlə bağlı yaranan problemlərdə, intihar hallarının çoxalmasında məmurların günahlandırılmalarına da münasibət bildirib:

“Bilirsiniz, problemə yanaşmanın müxtəlif formaları var. Bu, bütün müharibələrdən sonra yaranan bir sindromdur. Əfqanıstan, Vyetnam, Çeçenistan, Birinci Qarabağ müharibəsindən sonra da belə hallara rast gəlinib. Yəni bu, ümumi müharibə sindromudur. Müharibə istənilən insan üçün çox çətindir. 18 yaşında bir gənc döyüş zamanı yanında hərbçi dostunu, yoldaşını itirir, qan, yaralı, ölü görür… Ona görə də bütün bunlar onun psixologiyasına ciddi təsir göstərir və bu hal insan psixologiyasında uzun müddət davam edir. Birinci Qarabağ müharibəsi veteranıyam. Ona görə bu şeyləri çox yaxşı başa düşürəm. Müddət, zaman lazımdır ki, bu hal keçsin. Hər hansı ani bir hadisə qazilərin psixologiyasına ciddi təsir edir. Bu gün Heydər Əliyev Fondu, ayrı-yarı strukturlar tərəfindən qazilərimizin müalicəsi ilə bağlı kifayət qədər işlər həyata keçirilir. Heydər Əliyev Fondu Türkiyədən psixoloqlar gətirmişdi. 70-ə yaxın psixoloq Azərbaycanda 1 ildən artıq qazilərimiz, onların ailələri, şəhid ailələri ilə bağlı iş apardı. Hesab edirəm, bu, davamlı olmalıdır. Kiminsə laqeydliyi nəticəsində qazilərimizin intihar halları baş verirsə, dərhal bu, aradan qaldırılmalıdır”.

Xəbər xətti