Aparılan islahatlar çərçivəsində digər dövlət studiyalarının vahid təşkilati struktur formasında “Azərbaycanfilm” kinostudiyası tərkibində cəmlənməsi nəzərdə tutulub.
Bunu APA-nın sorğusuna cavab olaraq “Azərbaycanfilm” kinostudiyasından bildiriblər.
Qeyd olunub ki, “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2022-ci il tarixli Fərmanından sonra ölkədəki kino strukturunun yenilənmə prosesi davam edir.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynovun sözlərinə görə, bu islahatlar çərçivəsində digər 6 dövlət studiyası "Azərbaycanfilm" ətrafında birləşəcək: “Bu ilin əvvəlinə qədər Mədəniyyət Nazirliyinin tabeliyində “Azərbaycanfilm”, “Salnaməfilm”, “Debüt”, “Azanfilm”, “Mozalan”, “Dublyaj” və “Yaddaş” studiyaları mövcud idi. Bu studiyaların artıq bir çoxu istehsalatda olan layihələrini təhvil veriblər və faktiki olaraq fəaliyyət göstərmirlər. Agentliyin strukturu tam şəkildə açıqlandıqdan sonra, kino sahəsində sürətli və effektiv iş mühitini təşkil etmək üçün digər studiyaların funksiyalarının struktur bölmələri şəklində “Azərbaycanfilm” kinostudiyası nəzdində davam etdirilməsi planlaşdırılır. Belə ki, hazırda olduğu kimi, dövlət sifarişi ilə audiovizual məhsulların istehsalı “Azərbaycanfilm” kinostudiyasında aparılacaq. Nəzərdə tutulan struktur formasının hansı şəkildə reallaşacağı isə Kino Agentliyi fəaliyyətə başladıqdan sonra tam bəlli olacaq”.