İranlı kinorejissor Cəfər Pənahinin həbs səbəbi məlum olub.
APA-nın məlumatına görə, İranın Fars agentliyi adı açıqlanmayan mənbəyə istinadla Cəfər Pənahi və digər bir neçə kinorejissorun həbsinin səbəbi kimi onların xarici mənbədən pul alaraq ölkədə iğtişaşlar yaratdıqlarını iddia edib.
Xəbərdə xarici mənbənin də digər bir əməliyyat nəticəsində həbs olunduğu qeyd olunur.
Fars agentliyi həbs olunan şəxslərin xarici kəşfiyyat orqanına bağlı mənbədən pul vəsaiti aldığını iddia edib.
Qeyd edək ki, Cəfər Pənahi bu gün daha iki rejissorun həbsi ilə əlaqədar keçirilən məhkəmədə iştirak edib və orada tutulub. Belə ki o, Məhəmməd Rəsulof və Mustafa Ələhmədin məhkəməsində iştirak edib. Rəsulof və Ələhməd iyulun 8-də İran təhlükəsizlik qüvvələrinə və hərbçilərinə ölkədə etirazçılara qarşı güc tətbiq etməməyi xahiş edən petisiya imzaladıqdan sonra saxlanılıb. Etirazlar Abadan şəhərində 37 nəfərin öldüyü binanın uçması ilə bağlı iğtişaşlardan sonra başlayıb.
19:26
İranlı rejissor Cəfər Pənahi daha iki kinorejissor Məhəmməd Rəsulof və Mustafa Ələhmədin həbs olunmasına etiraz olaraq keçirilən aksiyada iştirak etdiyi üçün həbs edilib.
Bu barədə “İran İnternational” məlumat yayıb.
Qeyd olunur ki, 300-dən çox sənətçi rejissorların azadlığa buraxılması ilə bağlı bəyanat imzalayıb. Pənahinin özü hazırda həbsdədir.
2010-cu ildə o, artıq həbs edilib və rejim əleyhinə təbliğat aparmaqda və milli təhlükəsizliyə zərbə vurmaqda ittiham olunub. Rejissor 6 il müddətinə azadlıqdan məhrum edilib və 2030-cu ilə qədər film çəkmək qadağan edilib. O, həbsxanaya göndərilməyib, ev dustaqlığında cəza çəkib.
Pənahi İran kinosunun “yeni dalğası”nın nümayəndələrindən biridir. Onun “Üç üz” filmi Kann kinofestivalında ən yaxşı ssenariyə görə, “Qapalı pərdə” filmi isə Berlin kinofestivalında mükafata layiq görülüb. Bundan əlavə, 2000-ci ildə Pənahinin “Dairə” işi Venesiya kinofestivalında beş mükafata layiq görülüb.///lent.az