Neftçalanın icra başçısı növbəti qəbul keçirib - Foto

13:57 - 8 İyul 2022 - ÖLKƏ İÇİ

Neftçala Rayon İcra Hakimiyyətinin başçısının rayonun yaşayış məntəqələrindəki sayca 18-ci vətəndaşların səyyar qəbulu Pirəbbə kəndində keçirilib. ⠀

Ucnoqta.az xəbər verir ki, səyyar görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Neftçala rayon İcra Hakimiyyəti başçısının Yuxarı Qaramanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi çıxış edərək kənd haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.

Çıxış edənlər xalqımızın milli birliyindən, bu birliyin şanlı qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsindəki tarixi mübarizəmizdən, bir xalqın kiçikdən böyüyə bir “Dəmir yumruğa” çevrilərək erməni faşizminə endirdiyi sarsıdıcı zərbədən danışıb, həmçinin, vətəndaşların rayon İcra Hakimiyyətlərinə müraciət etməsini asanlaşdırmaq məqsədilə yeni yaradılan Rəqəmsal İcra Hakimiyyəti barəsində iştirakçıları məlumatlandırıblar.

Görüşdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyəti başçısı Mirhəsən Seyidov Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ətrafında sıx yumruq kimi birləşməsindən,bu birliyinin məntiqi nəticəsi olan uğurlu daxili və xarici siyasətimizdən, 44 Günlük Vətən müharibəsindəki şanlı qələbəmizdən, işğaldan azad olunan torpaqlarımızın sürətlə abadlaşdırılmasından danışıb, rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri, həmçinin, Yuxarı Qaramanlı kənd İnzibati Ərazi Dairəsinə daxil olan yaşayış məntəqələrində görülmüş işlər barəsində kənd sakinlərinə ətraflı məlumat verib.

Səyyar qəbulda əsasən kənddaxili yolların təmiri, elektrik dirəklərinin və xətlərinin yenilənməsi, yeni avtobus dayanacağının tikintisi, telefon rabitəsi və internet ilə təminat, subsidiyaların vaxtında ödənişi və digər məsələlər haqqında təkliflər səsləndirilib. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, problemlərin və onların həlli yollarının araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Vətəndaşlar sonda aparılan abadlıq quruculuq, yenidənqurma işlərinə, xüsusən də, kəndin qazlaşdırılmasına və ümumilikdə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.
 


Xəbər xətti