Zepp Blatter və Mişel Platini nəhayət ki, korrupsiya ittihamlarından bəraət alıblar.
Ucnoqta.az xəbər verir ki, bundan əvvəl İsveçrə Baş Prokurorluğu FİFA-nın sabiq prezidenti Blatter və UEFA-nın keçmiş prezidenti Platinini dələduzluqda, maliyyə vəsaitlərini mənimsəməkdə, qeyri-effektiv idarəetmədə və saxtakarlıqda ittiham etmişdi. 2011-ci ildə onlar 2 milyon CHF (2,08 milyon dollar) məbləğində ödəniş təşkil ediblər ki, bunu da prokurorluq qeyri-qanuni hesab edib.
Hər iki funksioner təqsirlərini inkar ediblər. Platini və Blatter bildiriblər ki, onlar ödənişlə bağlı şifahi razılığa gəliblər və bu Mişelin 1998-2002-ci illər arasında konsaltinq işi ilə bağlı olub.
Zepp Blatter və Mişel Platinini 5 ilə qədər həbs cəzası gözləyirdi. Sonradan məlum olub ki, prokurorluq onlara 18 ay sınaq müddəti istəyib.
Bu gün İsveçrə məhkəməsi FİFA-ya 17 il rəhbərlik etmiş Blatter və UEFA-ya rəhbərlik edən Platini barəsində bəraət hökmü çıxarıb.
Blatter korrupsiya işi ilə bağlı: “Mən bəraət almaq istəyirəm. İnfantino məni məhv etməyə çalışır”,- deyib.