Pandemiya zamanı iflic vəziyyətinə düşən turizm sektoru karantin qaydalarının yumşalmasından sonra vətəndaşların gözləntilərini doğrultmadı. Qiymətlər pandemiyadan sonra daha da bahalaşıb. Azərbaycanda turizm xidmətləri niyə bu qədər bahadır? Vəziyyətin belə olmasını turizm assosiyasiyasının sədri açıqlayıb.
Azərbaycanda otellərin qiyməti həddindən artıq bahadır. Bu hal xüsusən də turistlərin ən çox üz tutduqları ərazilərdə müşahidə edilir.
Şimal və ya cənub bölgəsində 5 ulduzlu otellərdə bir nəfər üçün günlük qiymətlər 100-250 manat arasında dəyişir. Sadəcə səhər yeməyi daxil olan bu otelldə bir nəfərin 7 gün dincəlməsi 1000 manatdan baha başa gəlir.
Bölgələrdə qiymətlərin belə baha olmasına səbəb nədir? Turizm Assosiasiyasının sədri Əhməd Qurbanov deyir ki, yay mövsümü olduğu üçün tələb çoxdur, bu da qiymətlərin süni şəkildə artırımına səbəb olub.
Turizm Assosiasiyasının sədri hesab edir ki, turistik bölgədə otel az olduğundan dincəlməyə gedən şəxslər də seçim qarşısında qala bilmirlər. Bu da qiymətin süni şəkildə artımına səbəb olan amillərdəndir. Əhməd Qurbanov onu da bildirdi ki, qiymət məsələsində qanuna əsasən heç bir otel rəhbərliyinə müdaxilə etmək olmur. Bəs həmin otellərdə təkilif olunan qiymətə uyğun xidmət varmı?
Ekspertlər isə hesab edir ki, yerli bazarda qiymətlər əlçatan olmasa, istirahət üçün xaricə üz tutanların sayı daha da artacaq.