Xəzəri Aral dənizinin aqibəti gözləyə bilər - AMEA

11:24 - 5 İyul 2022 - ÖLKƏ İÇİ

"Tədqiqatlar göstərir ki, 100 il əvvəl Xəzərin səviyyəsi indikinə nisbətən 2 m yüksək olub".

Ucnoqta.az xəbər verir ki, bunu AMEA-nın akademiki Fəxrəddin Qədirov "İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib. Akademik qeyd edib ki, 2005-ci ildən etibarən, hər il səviyyə 10 sm enir: "XX əsrin 30-cu illərində səviyyə 1.5 m aşağı enib, 1978-1995-ci illər arasında 2.7 m yüksəlmə baş verib. 2005-ci ildən başlayaraq isə ildə səviyyə 10 sm enməkdədir. Bu dəyişmə 25-30 il davam edərsə, Xəzərin şimal-şərq hissəsi Aral dənizinin aqibəti ilə rastlaşa bilər".

Fəxrəddin Qədirov vurğulayıb ki, Xəzər dənizinin səviyyə dəyişmələrində müəyyən zaman intervallarında trendlər müşahidə olunsa da, bunların üzərində fluktuasiya dəyişmələri də müşahidə edilir.AMEA-nın akademiki Fəxrəddin Qədirov Xəzər dənizi səviyyəsinin tərəddüdünə səbəb olan mühüm amillərə diqqəti çəkib: "İqlim amili ilə formalaşan Xəzər dənizinin su balansının komponentlər kimi Xəzərə tökülən çay axımlarını, dəniz səthinə düşən yağıntıları, Xəzərin səthindən buxarlanmanı, Xəzərə axan yeraltı suları vurğulamaq olar".

İqlimə və dolayısı ilə dənizin səviyyəsinə təsir edən astronomik amillər kimi isə Fəxrəddin Qocayev Günəş aktivliyi və qabarma-çəkilmə prosesini qeyd edib: "Günəş aktivliyi, qabarma-çəkilmə, tektonik amillər, zəlzələ nəticəsində qırılma xətlərində baş verə biləcək axımlar, Xəzərdə baş verən vulkan püskürmələri nəticəsində yaranan lava axımları, plitələrin qarşılıqlı təsiri nəticəsində dibin tərəddüdü və antropogen amillər iqlim dəyişmələrinə və bilavasitə su balansı komponentlərinin dəyişmələrinə səbəb olur".

 

Xəbər xətti