"Toyuma 1 həftə qalmış nişanlım küçədə məni döydü" - Məlahət Abbasova

14:26 - 2 İyul 2022 - MAQAZİN

"Heç vaxt düşünməzdəm ki, Türkiyəyə gedərəm, orada ailə quraram. Düşünmədiyim bir həyatın içinə düşdüm. Türkiyəyə getməsəydim, burada Məlahət Abbasova yarımçıq qalacaqdı. Sənətini davam etdirməyəcəkdi".

Ucnoqt.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi Məlahət Abbasova rejissor Nail Naiboğlunun "Qırmızı" layihəsində deyib. Şəxsi həyatından danışan aktrisa həyat yoldaşı Kamildən bəhs edib. O bildirib ki, Bakıdan gedəndə nişanlı olub:

"Ailə qurmağımdan artıq 30 il keçir. Özüm boyda oğlum var. Oğlum ailə qursa, nənə olacağam. Türkiyəyə getdiyimdə nişanlı idim. O insan haqda nələrsə söyləmək istəmirəm. Bakıda haqqımda çıxan dedi-qodular doğru deyil. Guya, toya 1 həftə, 1 ay qalmış getmişəm. Qismət... Bizim o insanla toy tariximiz 4 dəfə ləğv olundu: müəyyən qısqanclıqlar var idi. Türkiyəyə getməsəydim də toy olmayacaqdı. 

Həyat yoldaşımı Türkiyədə tanıdım, 2 ay sonra evləndik. İyunun 7-də İstanbula qastrol səfərinə getdik, İyunun 15-də biz tanış olduq, avqustun 2-də isə evləndik. Bizi qaynım tanış etmişdi. Onunla Bakıya gələndə ailəlikcə görüşmüşdük. O, çox məşhur iş adamıdır. Qaynım məni çox istəmişdi. O dedi ki, çox yaraşıqlı bir qardaşım var və səni tanış etmək istəyirəm. O zamanlar mənim üçün sıxıntılı bir dönəm oldu. Bu qərarı verməkdə də çox çətinlik çəkirdim. 

Türk vətəndaşı ilə ailə qurmağıma ailəm pis reaksiya verdi. Atam bir il məni danışdırmadı".

Aktrisa keçmiş nişanlısının ona şiddət göstərdiyini etiraf edib. M.Abbasova "Düzdür ki, toyunuza 1 həftə qalmış çalışdığınız teatrın qarşısında nişanlınız sizi döyüb" sualının təsdiqləyərək, bunları əlavə edib:

"Üstündən illər keçib. Bir işin içinə şiddət girirsə, orada heç nə yoxdur. Bəlkə qırıldığım nöqtə ora idi. Qarşı tərəf şərt qoymuşdu ki, sənəti davam etdirməyəcəksən. Həyatımın ən yorğun, sıxıntılı vaxtları var idi. Məndə bir travma yaradıb. Qadın şiddətlərini oxuyuram, onu yaşadığım üçün qızlara üzülürəm. Azərbaycanın öz mentaliteti var: nişan qayıda, toy təxirə salına bilməz. Bizim toya 3 dəfə ölüm girdi: bibim, əmim rəhmətə getdi, onlarda bir nəfər dünyasını dəyişdi. Hər dəfədə toy təxirə salındı".

 

Xəbər xətti