İki aya yaxındır ki, Bakı-Quba-Rusiya Federasiyası avtomobil yolu əsaslı təmir edilir. Yararsız vəziyyətə düşən yolda aparılan təmir işləri hansı səviyyədədir və tam olaraq nə vaxt istifadəyə veriləcək?
Ucnoqta.az xəbər verir ki, təmir işləri ilk olaraq Qubadan Bakı istiqamətində deformasiyaya uğramış hissələrdə aparılır.
Yolun dağılmış hissələri, yararsız monolit-beton dağıdılaraq ərazidən kənarlaşdırılır. Bu işlərin ardınca yol əsasının yararsız qruntu qazılaraq çıxarılır. Sözügedən qazıntı işləri ərazidən asılı olaraq 2.5 metrə qədər dərinlikdə icra olunur.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib ki, qazılmış əraziyə yararlı qrunt tökülür və xüsusi texnikalardan istifadə olunmaqla kipləşdirmə işləri görülür, yeni yol yatağı inşa edilir. Yataq hazır olan ərazilərdə qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi aparılır.
Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər 7 hissədə aparılır. Həmin hissələrdə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin ikitərəfli hərəkəti təmin edilib. Torpaq işləri yekunlaşdıqdan sonra yola lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.
Qeyd edək ki, yolun yararsız vəziyyətə düşdüyü Şabrandan Xızı rayonuna qədər olan hissədə 8 briqada işləyir.
Anar Nəcəfli onu da bildirib ki, həm Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolu, həm də ona paralel çəkilən ödənişli yolun bu ilin sonuna qədər tam olaraq istifadəyə verilməsi planlaşdırılır.