"Yay mövsümi başlayandan hələki anomal isti hava şəraiti qeydə alınmayıb. Amma mövsüm başlayandan etibarən Bakı şəhər Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasına bununla bağlı bir neçə müraciət daxil olub".
Ucnoqta.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev bildirib.
Onun sözlərinə görə, 12 nəfər günvurmadan əziyyət çəkərək Təcili Yardıma müraciət edib. Onlardan 10-na xəstəxanada, 2 nəfərə isə yerindcə yardım göstərilib.
O qeyd edib ki, istivurma günvurmaya nisbətən daha tez baş verir:
“İstivurma üçün günəş əsas şərt deyil, hava buraxmayan isti paltarda fasiləsiz işləmək, isti havada uzun müddətli və yaxud bir neçə saat havasız, pis ventilyasiya olan yerdə keçirmək kifayət edir. Gün vurmanın əsas əlamətləri – üzün qızarması, şiddətli baş ağrısı, başgicəllənmə, gözlərin qaralması, ürək bulanma, qusma, burundan qanın axması və görmə qabiliyyətinin pozulmasıdır.
Xəsarət alan şəxsi dərhal təmiz havaya, kölgəyə, sərin və normal ventilyasiya olan yerə çıxartmaq, paltarının yaxasını açmaq və başı azca qaldırılmış vəziyyətdə kürəyi üstə uzatmaq lazımdır.
Başının üstünə soyuq kompress (yaş sarğı) qoymaq, bədənini yaş parçaya bükmək və yaxud soyuq su vurmaq (çiləmək), çoxlu sərin su vermək məsləhətdir.
Tənəffüs pozulduğu halda olaraq pambığı naşatır spirti ilə isladıb, bir neçə dəfə ehtiyatla xəsarət alanın burnuna yaxınlaşdırmaq lazımdır. Əgər xəsarət alan insan özündən gedib, nəfəsi dayanıb, nəbzini əl ilə yoxlayıb tapmaq olmur və ətrafda həkim yoxdursa, bu halda davamlı süni nəfəsvermə və ürəyin qapalı masajı etmək tövsiyə olunur”.
Terapevt qeyd edib ki, uşağı birbaşa günəş şüalarına məruz qalmaqdan qorumaq məqsədilə ilk növbədə onun başını və ya bədənini panama və ya dəsmal ilə örtmək lazımdır:
“Bundan başqa, istivurmanın qarşısını almaq üçün çimərlikdə üzməklə qum vannasının qəbulunu növbə ilə etmək məsləhət görülür. Körpənin rasionuna, xüsusilə də gündüz saatlarında və günəş şüası qəbulunu planlaşdırıldığı zaman, meyvə-tərəvəz məhsulları daxil olmalı, yağlı qidalar və ət məhsulları məhdudlaşdırmalıdır. Qazsız içkilər və şəkərsiz kompotlara üstünlük verilməsi tövsiyə olunur.
Bu profilaktik tədbirlərinə riayət edilərsə, istivurma təhlükəsi körpələrdən yan keçəcək. Açıq havada, xüsusilə isti yay günlərində günəşin altında olmağınız səhər 10-na kimi və axşam 6-dan sonra tövsiyə olunur. Zərurət yarandığı halda çölə çıxarkən günəş kremi məhsullarından istifadə nəticəsində dərini günəş ləkələrinin yaranmasından xilas edə bilərik.
Baş nahiyəsini günəşdən qorumaq üçün gün eynəkləri, qoruyucu papaqlar və çətirlərdən istifadə edilməlidir. Yüngül yumşaq materiallardan hazırlanan paltarı geyinmək məsləhətdir. Həmçinin çox maye qəbul etməsi məsləhətdir, xüsusən təmiz, sərin suyu.
Onu da nəzərə almaq lazımdır ki, çox isti havada həddindən artıq idman etmək insan səhhəti üçün təhlükəli ola bilər”.