“Ermənistan öhdəliyinə əməl etmir” - Nigar Arpadarai

13:19 - 22 İyun 2022 - SİYASƏT

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası davam edir.

Ucnoqta.az xəbər verir ki, sessiya çərçivəsində “Avropada təhlükəsizlik üçün yeni çağırışlarda Avropa Şurasının rolu” mövzusuna dair müzakirələrdə iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Nigar Arpadarai çıxışı zamanı Avropa təhlükəsizlik sistemindəki mövcud böhran vəziyyətinə toxunub.

“Avropanın təhlükəsizlik sistemində yaşanan hazırki böhran İkinci Dünya müharibəsindən sonra ən ağır böhran hesab edilə bilər. İndiki böhranın nəticələrinin gələcəkdə uzun illər boyu davam edəcəyi fikri ilə çoxları razılaşar və bu nəticə etibarilə Avropanın təhlükəsizlik mexanizmini yenidən formalaşdıracaq. Beləliklə, yeni təhlükəsizlik arxitekturası meydana çıxacaq. Yaranan hallar müxtəlif istiqamətlərdə inkişaf edə bilər. Buna baxmayaraq, hazırki vəziyyətə səbəb olan, keçmişdə buraxılmış səhvləri  yenidən nəzərdən keçirmək və düzgün qərarlar qəbul etməyin tam zamanıdır.” – deyə millət vəkili bildirib.

N.Arpadarai Parlament Assambleyası üzvlərinə bununla bağlı çağırışla səslənib: “Əgər Avropa Şurası bu işdə müsbətə doğru addımlar atmaq istəyirsə, dünyanın ən qədim və nüfuzlu təşkilatı olaraq öz missiyasını yenidən nəzərdən keçirməlidir. Avropa Şurası yenidən Avropaya inteqrasiya üçün güc mərkəzi olmaq niyyətindədirsə, sadəcə Avropa Birliyi və NATO-nun addımlarını izləməklə kifayətlənməli deyil. Avropa Şurasının daha geniş üzvlüyü var və bu, ona pan-Avropa baxışının yaradılması prosesində mərkəz olmaq üçün yaxşı əsas verir. ”

Millət vəkili N. Arpadarai çıxışı zamanı Azərbaycan-Ermənistan arasında hələ də davam edən siyasi gərginlik, sülh sazişinin imzalanması prosesinin suni şəkildə uzadılması məsələsini xüsusi vurğulayaraq qeyd edib: “Əgər biz təhlükəsiz Avropa istəyiriksə, beynəlxalq hüququn ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi prinsiplərinə yeni həyat verməliyik. Biz Avropada münaqişə və müharibə üçün bəhanə kimi istifadə edilən hərbi və təcavüzkar separatizmlə mübarizəyə qarşı real mexanizm yaratmalıyıq. Son 30 il ərzində Azərbaycanın bir hissəsinin Ermənistan tərəfindən işğalı Avropa Şurası üçün əhəmiyyətsiz məsələ olmuşdur və Avropa Şurası bununla bağlı bir tədbir görməmişdir.” 

N. Arpadarai həmçinin əlavə edib ki, işğalın nəticələri hələ də Azərbaycanı izləyir və Cənubi Qafqazda hələ də möhkəm və davamlı sülhə nail olunmayıb. Bu gün Avropa Şurası Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi zərurətindən çıxış etməlidir.  Ermənistan hələ də sülhün nizamlanmasının əsas elementlərindən birini - Azərbaycanın qərb rayonları ilə 30 il ərzində Ermənistanın blokadasında olan Azərbaycanın Naxçıvan eksklavı arasında maneəsiz əlaqənin açılmasını həyata keçirməkdən yayınır. Bu, Ermənistanın yazılı öhdəliyi olmasına baxmayaraq baş verir.

Xəbər xətti