Bakıda çoxmərtəbəli binanın liftinin qırılması nəticəsində xəsarət alanların arasında Milli Məclisin işlər müdiri Firudin Hacıyevin qızı ilə nəvəsi də olub.
Bakıda çoxmərtəbəli binanın liftinin qırılması nəticəsində yaralanan dörd yaşlı uşağın atası danışıb.
Sərxan Şərəfov oxu.az-a açıqlamasında bildirib ki, Nizami rayonu, Özbəkistan küçəsi 1 ünvanında "Yeni Ev 7" MTK-nın tikdiyi çoxmərtəbəli binadakı lift nasaz olduğu üçün şaxtaya düşüb:
"Yeni binada belə bir problemli liftin olması absurddur. Dünən liftdə olanların hamısı xəsarət alıb, bir nəfərin beli sınıb. Mənim dörd yaşlı qızımın sağ ayağında sınıq var. Dünəndən üç xəstəxana gəzmişik".
O bildirib ki, həmin binada liftin qırılaraq şaxtaya düşməsi ilk belə hadisə deyil:
"Qonşulardan aldığım məlumata görə, eyni binanın başqa blokunda bir dəfə də belə hadisə olub. Burada məsələ səhlənkarlıqdır. MTK-nı idarə edən şəxslər məsuliyyətə cəlb olunmalıdırlar".