“Şuşa ili” istiqamətində layihə qəbulu elan olunur!

21:50 - 9 İyun 2022 - ÖLKƏ İÇİ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncamını və gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasını rəhbər tutaraq Azərbaycan Respublikasının Gənclər Fondu gənclər təşkilatlarını “Şuşa İli”nə həsr olunmuş layihə müraciətlərini  təqdim etməyə dəvət edir.

Layihə təklifləri Gənclər Fondunun elektron xidmətlər sistemi vasitəsi ilə 30 iyun 2022-ci il tarixinədək təqdim olunmalıdır. Layihə təkliflərinə həyata keçirilməsi nəzərdə tutulan layihələrin təqdimatları (ppt formatında) mütləq əlavə olunmalıdır.

Təqdim olunacaq layihələrin mövzusu:

Azərbaycan Respublikasında “Şuşa İli”nin elan edilməsi ilə bağlı tədbirlərin təşkili.

Gənclərin Şuşanın tarixi və mədəni irsi ilə bağlı maarifləndirilməsi

Şuşanın tarixi, mədəniyyəti, təbiəti, abidələri, özünəməxsus ənənələri barədə araşdırmalar
Şuşaya qayıdış prosesində gənclərin həvəsləndirilməsi və iştirakı

Əcnəbi tələbələrin və gənc tədqiqatçıların Şuşanın tarixi və mədəni abidələri və orada aparılan bərpa-quruculuq işləri ilə tanış edilməsi

Şuşa şəhərində reallaşdırılacaq start-up layihələri

Təqdim olunacaq layihələrin formatı:

- Təqdim olunacaq layihələr çərçivəsində Şuşanın tarixi və mədəni irsinin, işğal dövründə Şuşanın tarixi, dini, maddi mədəniyyət abidələrinə vurulmuş zərərin gənc tədqiqatçıların cəlb olunması ilə araşdırılması; Şuşanın onlayn və rəqəmsal alətlər vasitəsi ilə təbliği;

- Azərbaycanda və xarici ölkələrdə “Şuşa İli”nə həsr olunmuş gənclər tədbirlərinin təşkili; Gənclərin Şuşaya qayıdış prosesinə dəstək təşəbbüsləri və “Şuşa İli” ilə bağlı digər innovativ layihə formatları nəzərdə tutula bilər.

Layihələrin müddəti və məkana dair tələblər:

- Layihələrin icra müddətinin 3 ay olaraq müəyyən olunması tövsiyə olunur.

- Həmçinin, layihələrin icrası tam və ya qismən Şuşa şəhərində baş tutmalıdır.

Müraciət edən gənclər təşkilatlarına dair tələblər:

“Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qrant müsabiqəsindən kənar gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi Qaydası”na əsasən Müraciət edən gənclər təşkilatları aşağıda göstərilən xüsusi tələblərə cavab verməlidir:

- son 2 il ərzində ən azı 3 layihə həyata keçirməlidir;

- son 1 il ərzində fəaliyyəti ilə bağlı ətraflı hesabatı Fonda təqdim etməlidir;

- qeydiyyatda olduğu şəhər/rayonda davamlı fəaliyyəti mövcud olmalıdır;

- cəmiyyətə açıq olmalıdır və internet şəbəkəsində daim yenilənən veb-sayta və ya sosial şəbəkələrdə hesablara malik olmalıdır.

Layihələrin təqdim olunmasına dair əsas tələblər:

- Fond tərəfindən maliyyələşdirilən layihəsinin icrası başa çatmış, lakin müqavilədə müəyyən edilmiş son tarixə qədər hesabatı Fonda təqdim etməyən gənclər təşkilatlarının müraciətlərinə baxılmır.

Layihələrin qiymətləndirilməsi və maliyyələşdirilməsi Azərbaycan Respublikasının Prezidentinin 29 avqust 2018-ci il tarixli 253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın 10.1.1-ci yarımbəndinə müvafiq olaraq hazırlanmış “Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qrant müsabiqəsindən kənar gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi Qaydası”na əsasən aparılır.

Xəbər xətti