“Hər bir yaralanma əlillik təyin olunmasına əsas vermir” - Agentlik sədri

12:50 - 7 İyun 2022 - Müsahibə

Bir neçə gün əvvəl bir qrup qazi əlilliyin təyinatı ilə bağlı narazılıq edib.

Onlar bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının qarşısında etiraz ediblər.

Ucnoqta.az xəbər verir ki, qazilərin əlillik təyinatı ilə bağlı Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov Oxu.Az-ın suallarını cavablandırıb.

- Son günlər mətbuatın gündəmində əsas mövzulardan biri qazilərə əlillik təyinatı ilə bağlıdır. Bu sahədə hansı işlər aparılır? 

- Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra elə ilk günlərdən bu istiqamətdə işlərə başlanıb. Müharibədə yaralanmış bütün qazilərə həmin günlərdə istər evlərində, istər xəstəxanalarda baş çəkildi, ziyarət olundular. Onların əlillik vəziyyətləri ilə bağlı ilkin müayinələr, qiymətləndirmələr elə o ilk görüşlərdə aparıldı, nəticələr toplandı.

Aidiyyəti qurumlarla birgə həmin qazilərin əlilliyinin operativ qiymətləndirilməsi üçün Nazirlər Kabinetinin qərarı ilə komissiya yaradıldı. Ötən dövrdə müalicə müddəti başa çatan qazilərdən artıq üç min nəfərinə əlillik dərəcələri və avtomatik şəkildə sosial ödənişlər təyin olunub.

- Bəs qazilərə əlillik necə təyin olunur, prosedur necədir?

- Prosedur belədir ki, müalicə bitəndən sonra ilk mərhələdə aidiyyəti qurumların Hərbi Həkim Komissiyaları müharibədə yaralanmış qazilərə aid şəhadətnamələr hazırlayırlar. Bu şəhadətnamə xəsarətin, yaralanmanın hərbi xidmətlə əlaqəsini təsdiq edir. Həmin sənədlə yanaşı, tibb müəssisələrindən qazilərə dair göndəriş, yəni “Forma 88” də elektron sistemə daxil edilir. 

Bu iki sənəd daxil olandan sonra biz qazini əyani müayinəyə dəvət edirik və nəticəsi əsasında əlillik təyin edilib-edilməməsinə dair qərar veririk. 

- Qazilərin əlillik təyinatı prosesi artıq bitib? 

- Xeyr, proses hazırda da davam edir. Prosedur belədir ki, ilk növbədə qazinin müalicə kursları bitməlidir ki, onun əlilliyi qiymətləndirilsin. Çünki müalicənin nəticələri bəlli olmadığı halda əlillik qiymətləndirilə bilməz. Qazilərin müalicə müddətləri bitdikcə onlara aid tibbi sənədlər daxil olur, biz də yekun olaraq qiymətləndirmə aparırıq. İndi də bəzi qazilərimiz var ki, müalicələri hələ davam edir, bitəndən sonra onların da əlillik məsələsinə baxılacaq.

Bəzən qiymətləndirmə zamanı biz görürük ki, qazinin hələ də müalicəsinin davam etdirilməsinə ehtiyacı var və müalicənin davam etməsinə dair qərar qəbul edirik. Bu qərar da həmin şəxsə əlillik dərəcəsi verilməsindən imtina demək deyil. Çünki müalicə başa çatandan sonra bir daha onun əlilliyinin qiymətləndirilməsi aparılır.  

- Bəzi qazilər narazılıq edirlər ki,  müharibədə yaralanıblar, əlillik verilməlidir, lakin verilmir. Əgər yaralanıbsa, ona əlillik verilməli deyilmi?

- İlk növbədə bildirim ki, zəfərimizə töhfəsini vermiş bütün qazilərimiz bizim üçün əzizdir, onlarla qürur duyuruq. Hər birinə də daim qayğı ilə yanaşırıq. Digər tərəfdən, elə bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özündə də 100-dən çox əməkdaş var ki, onlar da Vətən müharibəsinin qaziləridir. Elə bizim Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində də həkim-ekspertlərdən bir qismi var ki, özləri də Vətən müharibəsində iştirak ediblər, döyüşlər zamanı qazilərimizin tibbi xidmətində durublar.

Bu gün belə demək mümkünsə, elə öz səngər yoldaşlarının əlilliyinin qiymətləndirilməsini də onlar özləri həyata keçirirlər. Burada qanunvericiliyin konkret tələbləri var: hər bir yaralanma, hər bir xəsarət əlillik təyin olunmasına əsas vermir. Çünki yaralanmanın, alınan xəsarətin ağırlıq dərəcəsi var. Əgər bu, əlillik vəziyyətinə, yəni həyat fəaliyyətinin müəyyən məhdudlaşmasına səbəb olursa, mütləq əlillik dərəcəsi verilir.

Bir də burada qanunla yanaşı, vicdan məsələsi də var. Həkim-ekspertlər burada qanuna riayət etməklə yanaşı, vicdani məsuliyyət də daşıyırlar. E-sistemə daxil edilmiş diaqnoza baxmaqla yanaşı, biz, dediyim kimi, həm də əyani müayinə edirik. Bunu ən başlıcası şəffaflıq və obyektivlik, daha düzgün, dəqiq qərar çıxarmaq üçün edirik.

Bu müayinələrdə tək biz yox, bizimlə birgə müvafiq qurumların nümayəndələri də iştirak edirlər. Həmçinin şəffaflıq və ictimai nəzarət üçün biz bütün müayinələrə vətəndaş cəmiyyətləri, QHT nümayəndələrini də dəvət edirik. Onlar da həmin əyani müayinələrdə iştirak edir və bizim qərarlarımızın dürüstlüyünə şahidlik edirlər. Və hər əyani müayinənin foto və videoçəkilişləri aparılır.

- Bəs qaziyə bu gün əlillik təyin edilməsə, yenidən nə vaxtsa yenə əlillik üçün müraciət edə bilərmi?

- Hər bir şəxsin əlilliyinin qiymətləndirilməsi üçün təkrar müraciət eləmək hüququ var. Bir də ki, ola bilər ki, xəsarət, xəstəlik mövcud vəziyyətdə şəxsin vəziyyətində əlilliyə səbəb olan vəziyyət yaratmayıb. Lakin müəyyən müddətdən sonra o yaralanmanın orqanizmdə fəsadlarının ağırlaşması, əlillik vəziyyəti yaratması müşahidə oluna bilər. O zaman şəxsin əlilliyinin qiymətləndirilməsi təkrar aparılmaqla əlillik də təyin edilə bilər.

- Bəziləri iddia edirlər ki, əlillik üçün dəfələrlə müraciət edilsə də əlillik verilmir.

- Bu iddia əsassızdır və özü, yaxud qohumu-tanışı əlillik vəziyyətində olmadığına görə əlillik dərəcəsi almayanlar çox zaman bu iddianı ortaya atırlar.  

Həmin iddiaya cavab kimi qeyd edim ki, son üç ildə 160 mindən çox şəxsə əlillik dərəcələri təyin edilib. Təkcə bu ilin beş ayında 30 min adama əlillik dərəcəsi təyin olunub ki, bu da əvvəlki illərin müvafiq dövrləri ilə müqayisə etsək, iki-üç dəfə çoxdur. 

Təqdim edilən göndəriş və şəhadətnamədə əksini tapan diaqnoz, eləcə də hazırkı sağlamlıq vəziyyəti əlillik təyinatına əsas yaradan hər bir şəxsə müvafiq əlillik dərəcəsi təyin olunur.

- Belə də deyirlər ki, “Forma 88”, yəni göndəriş natamam doldurulursa, buna görə əlillik təyin olunmasından imtina qərarı verilir...

- Bu deyilənlər düzgün deyil, “Forma 88”, yəni göndəriş natamam doldurulursa, buna görə əlillik təyin olunmasından imtina qərarı verilmir. Sadəcə, həmin göndəriş yenidən geriyə, tibb müəssisəsinə qaytarılır ki, onu yenidən və daha tam, düzgün şəkildə tərtib edib e-sistemə daxil etsinlər. Çünki göndərişdəki diaqnoz natamam olarsa, məsələn, orada müayinələr, müalicələrin nəticələri və s. əksini tapmazsa, əlilliyin qiymətləndirilməsi də mümkün olmur.  

- Bəzən qazilər ondan da şikayət edirlər ki, müraciətlərinə baxan yoxdur, nazirlikdə, elə sizin agentlikdə onları qəbul edib dinləmirlər, çox zaman qapı arxasında qoyurlar və s...

- Bu cür yanaşmanı haqlı hesab etmirəm. Təkcə cari ilin yanvar-aprel aylarında nazirlik və qurumları tərəfindən 586 min vətəndaşın qəbulu həyata keçirilib. Onlardan 20 mindən çoxu nazirliyin və qurumlarının rəhbər şəxsləri tərəfindən qəbul edilib. Həmin şəxslərin mühüm bir qismi də müharibə iştirakçıları olub.

Nazir müavinləri, həmçinin nazirliyin qurumlarının rəhbərləri tərəfindən hər həftə bölgələrdə vətəndaş qəbulları da keçirilir. Bizim elə bir iş günümüz olmur ki, həmin gün agentliyin rəhbər şəxsləri tərəfindən qazilər qəbul edilib dinlənilməsinlər. Şəxsən mənim qəbuluma gələn hansısa qazini qəbul etmədiyim hal olmayıb və ola da bilməz.

Lakin əgər hər-hansı şəxsi qəbul ediriksə və o, qanundankənar olaraq əlillik dərəcəsi təyin olunmasını tələb edirsə, biz də bu tələbi yerinə yetirə bilmiriksə, bu zaman həmin şəxs bizdən narazı qalırsa, bizi ona qarşı ədalətsizlikdə günahlandırırsa, bu, artıq onun subyektiv fikirləridir. 

- İyunun 2-də ƏƏSMN-nin qəbul otağında bir neçə qazinin etiraz aksiyasına, hətta asayişi pozmaları hadisəsinə gələk. Nədən bu hadisə baş verdi?

- Mən bir daha qeyd edim ki, qazilərimizin hər bir müraciətinə diqqət və həssaslıqla yanaşılır. Həmin gün nazirliyə müraciət edən qazilərə də hörmət və qayğı ilə yanaşılıb. Əvvəlcə iki-üç nəfər qəbul otağına yaxınlaşıb. Onları içəri, qəbula dəvət etsələr də, digər qazi yoldaşları ilə birgə içəri daxil olacaqlarını bildiriblər.

Digər qazi yoldaşları da gəliblər və 11 nəfər eyni vaxta qəbul otağına daxil olmaq istəyib. Həmin vaxt qəbul otağında digər vətəndaşlarımız da var idi və onların qəbulu həyata keçirilirdi. Sıxlıq, müəyyən gərginlik olmaması üçün əvvəlcə bir neçə nəfərini içəri dəvət ediblər.

İçəridəki qazilərin müraciətlərinə baxılan zaman bayırdakı qazilərdən ikisi qəbul otağının qapısını zorakı şəkildə qıraraq içəri daxil olub. Nazirliyin qəbul otağında səs-küy, ajiotaj yaratmaq, asayişi pozmaq, cəmiyyətdə guya qazilərin narazı salınması, onların incidilməsi təsəvvürü yaratmaq qətiyyən yolverilməzdir.

Halbuki, postmüharibə dövründə həmin kateqoriyalara və şəhid ailələrinin üzvlərindən artıq 100 min insan sosial dəstəklə təmin olunub. Onlara 190 minədək xidmət göstərilib. 93 mininə aylıq sosial ödənişlər təyin olunub. Postmüharibə dövründə 3500, ümumilikdə ötən dövrdə 12500 mənzil və fərdi ev şəhid ailəsi və müharibə əlillərinə təqdim edilib. 

Son dörd ildə də 1450-dək, ümumilikdə ötən dövrdə 7400 minik avtomobili müharibə əlillərinə verilib. Vətən müharibəsinin 200 hərbçisi, ümumilikdə 300 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə, 1400 müharibə əlili 18 mindən çox reabilitasiya vasitəsi, beş min ailə sosial-psixoloji, 2500 şəxs reabilitasiya xidmətləri ilə təmin edilib, 11,2 mindən çox şəxs aktiv məşğulluq proqramlarına, o cümlədən özünüməşğulluq proqramına cəlb edilib və s.

Bütün bunlar bir daha onu göstərir ki, heç bir qeyri-qanuni addım 44 günlük Vətən müharibəsində çöx böyük bir amal uğrunda döyüş yolu keçmiş insanlara yönələn qayğı siyasətini, geniş sosial dəstək proqramlarını gözdən sala bilməz.

- Bəs əlillik təyinatı almayan qazi nə etməlidir, onun üçün hansı dəstək proqramları var?

- Bütün müharibə iştirakçılarına “Müharibə veteranı” adı verilərək onlara Prezidentin aylıq təqaüdü təyin olunub. Müharibə veteranı kimi onların aktiv məşğulluq proqramlarına cəlb edilmək hüquqları var. 

Bu gün müharibə iştirakçılarının əksəriyyətinin iş yerləri var, əmək müqaviləsi əsasında işləyirlər. Hansılar ki, işsizdir, onlar məşğulluq proqramlarına cəlb olunmaq üçün müraciət edə bilərlər. Müharibə iştirakçılarından hansıları ki, məşğulluq üçün müraciət edir, lakin ilkin peşə, ixtisaslara malik deyillər, onlar üçün peşə hazırlığı proqramları icra edilir.

Onlara yeni peşələr öyrədilir ki, həmin peşələr üzrə onların işlə təminat imkanları olsun. Yaxud özünüməşğulluq proqramı var ki, postmüharibə dövründə altı mindən çox qazi və şəhid ailəsi artıq bu proqramla əhatə olunub. Həmin şəxslərə kiçik bizneslərini yaratmaları üçün proqram əsasında dəstək verilib. Qeyd etdiyim kimi, ümumən 11 min belə şəxs məşğulluq proqramları ilə əhatə olunub.

- Gələn aydan əlillik sahəsində yeni meyarlar tətbiq olunacaq. Hansı dəyişikliklər olacaq? 

- Qabaqcıl dünya təcrübəsinə əsasən hazırlanaraq təsdiq edilmiş yeni meyarların mühüm üstünlüklərindən biri o olacaq ki, əlilliyin təyinatı artıq üç dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında, daha əhatəli şəkildə qiymətləndirmə əsasında aparılacaq. 

Əlilliyin qiymətləndirilməsi şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin yeddi əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürülməklə aparılacaq. Əlillik təyinatına əsas verən xəstəliklərin sayı da artırılacaq.

Xəbər xətti