Azərbaycan Respublikasında “Yaqublu” toponiminə hazırda Oğuz və Gədəbəy rayonlarında rast gəlirik. Lakin tarixi mənbələr göstərir ki, vaxtı ilə İrəvan quberniyasının Zəngəzur və Eçmədzin qəzalarında, Tiflis quberniyasının Dmanisi rayonunda, digər regionlarda da həmin adda kəndlər olmuşdur.
Haqqında bəhs edəcəyimiz Yaqublu kəndi isə ölkəmizin Oğuz (keçmiş Vartaşen) rayonunun cənubunda Oğuz – Mingəçevir – Yevlax – Gəncə şosse yolunun kənarında; Oğuz rayonunun mərkəzindən təxminən 20 km. məsafədə Alazan - Əyriçay çökəkliyində yerləşir.
Folklor nümunələrində də təsadüf etdiyimiz bu toponimlə yazılı mənbələrdə “Yakublu” formasında hələlik Quba rayonunun Xınalıq kəndində anadan olmuş, XIV-XV əsrlərdə yaşamış məşhur tarixçi Mahmud Xınaluqinin “XIV-XV əsrlərdə Dağıstan və Şirvan hadisələri” adlı əlyazmasında rastlaşırıq. M.Xınaluqi öz əlyazmasında qeyd edir ki, Şirvanşah Sultan Gerşasp Vardan, Yaqublu və Söyüdlü kəndləri müstəsna olmaqla, Ağdaş mahalını qohumu Qaytaq əmrinin oğluna (bacısı oğlu – İlçav Əhməd bəyə) öz məişətini təmin etməsi üçün vermişdi. Əlyazmanın təhlili və hadisələrin Əmir Teymurun dövrünə təsadüf etməsindən belə məlum olur ki, M.Xınaluqi Sultan Gerşasp dedikdə İbrahim Dərbəndini (1382-1417) nəzərdə tutmuşdur.
Toponimin etimologiyası barədə müxtəlif maraqlı və ziddiyyətli fikirlər vardır. Bəzi tədqiqat əsərlərində “Yaqublu” toponiminin tərkibindəki “Yaqub” sözü yəhudi adı olan Yakovun (İakovun) ərəb forması hesab edilir. Mənası “ardınca, dabanbasdı, izi ilə gələn” kimi izah olunur.
Bəzən isə Yaqublu toponimi Yakov adlı udi adı ilə də əlaqələndirilir. Bizcə, bunun heç bir əsası yoxdur, fərziyyədir və ancaq iddia sayıla bilər.
Biz Yaqublu toponimini türk mənşəli hesab edirik. Bu baxından da sözün Onkin və Orxon abidələrində, M.Qağanqatlının “Alban tarixi” əsərində işlənmiş “Yabğu” (“Yabqu”), “Kitabi-Dədə Qorqud”dakı “yapaqlu”, “yavuq” və yavuqlu”, Altay dillərindəki “yaq” və “qu”, Oğuz (yabğululuğu) Yabgu dövləti, Oğuz dövlətinin rəhbərlərindən olan yabğu (titul bildirirdi, xaqandan sonrakı şəxs), tədqiqat əsərlərində rastlaşdığımız “sağ və sol yabqular” ifadələri, tayfa adları Yaqublu və Yoloqlu; Ermənistandakı tirə adı Babayaqublu, Ş.İ.Xətainin mürşidi Miskin Abdalın doğma kəndi Sarıyaqub, həmçinin Ermənistan və Gürcüstandakı məşhur Şadmanlı, Kosalı, Oğuz-türkmən və avşar tayfalarının bir qolu olan “yaqublular”; kənd adları Yaqubkənd, Yaquboğlu (qışlağ), Yaquboba, Yaqupi, Yaqub və s. kimi onlarla belə titul, şəxs, yer, tayfa, oymaq, qol və tirə adları ilə səsləşməsini təsadüfi hesab etmirik.
Ona görə ki, birincisi, bu titul, şəxs, yer, tayfa, oymaq, qol və tirə adlarına daha çox Azərbaycan xalqının yaşadığı və Azərbaycan dövlətlərinin idarə etdiyi məmləkətdə (o cümlədən, bəzi türk dövlətlərində) rast gəlirik. İkincisi, həmin şəxs, titul, yer, tayfa, oymaq, qol və tirə adlarının hamısının daşıyıcıları əsasən azərbaycanlılardır (və ya digər türk xalqlarıdır). Üçuncüsü, həmin şəxs, yer, tayfa, oymaq, qol və tirə adları həm tarixilik, həm də müasirlik baxımından Azərbaycan dilinin (türk dillərinin) fonetik, morfoloji və leksik-semantik xüsusiyyətlərini tam əks etdirir.
Dilçi alimlərimizin əksəriyyətinin tədqiqatları da bir mənalı olaraq göstərir ki, “Yaqublu” qədim arxaik sözlərimiz əsasında formalaşmış türk-Azərbaycan mənşəli soyad və toponimdir. Təsadüfi deyil ki, akademik A.Qurbanov onu “keçmişin izlərini özündə bariz şəkildə saxlayan” toponimlərin sırasına aid edir. Filologiya elmləri doktoru A.Paşayev də “Yaqublu” sözünün dilimizin morfoloji xüsusiyyətlərini tam əks etdirdiyini və türk mənşəli qədim oykonim (yaşayış məntəqəsinin adını bildirən xüsusi isim) olduğunu qeyd edir. Gürcüstan MA-nın həqiqi üzvü, professor Ş.Məmmədli də həmin sözü “osmanlı kökənli” hesab edir.
Akademik, coğrafiya elmləri doktoru B.Ə.Budaqov və Azərbaycan Respublikası Milli Məclisinin toponomiya komssiyasının tanınmış üzvlərindən, tarix elmləri doktoru Q.Ə.Qeybullayevin “Gürcüstanda türk mənşəli toponimlərin izahlı lüğəti”ndə “Yaqublu” adının qədim türk dillərində “şahzadə” və “başçı” mənalarında işlənən “yabğu”(“yağbu”) sözündən yarandığı göstərilir. Filologiya elmləri doktoru M.Çobanlı və filologiya elmləri namizədləri M.Borçalı və H.Çobanova da bu fkirlə razılaşırlar. Maraqlıdır ki,“Türk folkloru dünya alimlərinin gözü ilə” tədqiqat toplusunun I hissəsində “Yabqu” (“Yabğu”) həm toponim, həm də şəxs adı kimi göstərilir.
Başqa bir mənbədə isə Yaqublu toponimi “Kitabi-Dədə Qorqud”dan bizə tanış olan, Ş.İ.Xətainin əsərlərində də rastlaşdığımız “yavuq” və “yavuqlu” (yaxın, yaxınlıq) sözləri ilə əlaqələndirilir; “yavuq” sözü ilə “-lu” şəkilçisindən formalaşdığı və sonralar “Yaqublu” kimi sabitləşdiyi (Yavuqlı – Yavıqlı – Yavıxlı – Yaquplu – Yaqublu) qeyd olunur. Türkiyəli araşdırmaçı, doktor Rəcəb Albayraq Hacaloğlu “Borçalı toponimləri” əsərində bu fikri təsdiq edir.
Şair-araşdırmaçı Y.Rzayev “Mingəçevir işıqları” qəzetində dərc olunmuş “Günəş doğanda da gözəldir, qürub edəndə də...”adlı məqaləsində dilin mənşəyi haqqında monogenezis nəzəriyyəsinə istinad edərək yazır ki, Yaqub sözü maq-oğuz-Azərbaycan sözüdür. Mənası “qürub edən Günəş kimi parlaq” deməkdir. Mənbələrdə Yaqub sözünün qədim türk sözü olub, “ya” (günəş anlamında) və “qürub” komponentlərindən formalaşdığı da qeyd olunur.
Bizcə, “Yaqublu” toponiminin tərkibindəki türk mənşəli “Yaqub”un, yəhudi adı olan Yakovun (İakovun) ərəb forması “Yaqub”la fonetik tərkibcə eyni olması bir təsadüf və zahiri bənzərlikdir.
Toponimin tərkibindəki –lu şəkilçisi isə –luk4 şəkiçisinin törəməsi olub, türk mənşəli qədim şəkilçidir. Sonluğu –lı4 şəkilçiləri ilə bitən soyadlara qədim mənbələrində də rast gəlmək mümkündür. Məsələn, Xivəli Əbülqazi Bahadır xanın “Şəcəreyi-tərakimə” əsərindən aydın olur ki, Oğuz xanın 6 oğlundan dünyaya gələn törəmələrinin bəzilərinin adları dördvariantlı –lı4 şəkilçiləri ilə işlənmiş və Turbatlı, Kəraylı, Sultanlı, Oklı, Kokli, Suçlı və s. olmuşdur. Orta əsərlərdə bu şəkilçinin yer adlarına əlavə edilərək şəxs adları ilə qoşa işlənməsi isə daha intensiv hal almışdır. Məsələn, Y.Balasaqunlu, A.Ərdəbilli, A.Tufarqanlı, X.Q.Tikmədaşlı və s. M. Xınaluqinin yuxarıda adı çəkilmiş əlyazmasında, osmanlı idarəçiləri tərəfindən tərtib edilmiş “Tiflis və İrəvan əyalətlərinin müfəssəl dəftərləri”ndə, həmçinin XIX əsərin əvvəllərindən başlayaraq rus cinovnikləri tərəfindən Şəki qəzasında aparılmış kameral təsvirlərdə də toponimin –lu şəkilçisi ilə qoşa işləndiyini görürük.
Akademiklərdən A.Qurbanov, tədqiqatçı alimlər O.T.Molçanova, S.Cəfərov, T.Əhmədov və başqaları qeyd edirlər ki, “-lu4” şəkilçisi həm də şəxs, tayfa, nəsil, tirə adlarına qoşularaq, onlara mənsub (törəmə, yaxın, qohum) mənası ifadə edən düzəltmə etnonimlər (xalqların, millətlərin, qəbilələrin, qəbilə və etnik birliklərin adı) əmələ gətirir.
Biz “Yaqublu” oykoniminin xalqımızın etnogenezinin formalaşmasında ciddi və əhəmiyyətli rol oynamış şəxs, tirə, qol, boy, oymaq, nəsil və tayfa adları ilə sıx bağlılığı qənaətindəyik. Antrotoponim (şəxs adlarından əmələ gələn coğrafi ad) əsasında əmələ gəldiyi açıq-aşkar görünür. “Yaqub nəslinə məxsus, Yaqub nəslindən, tirə, qol, boy, oymaq və tayfasından olanlar” anlamındadır.
H.Çobanova öz dissertasiyasında göstərir ki, osmanlı idarəçiləri tərəfindən 1728-ci ildə tərtib edilmiş “Tiflis əyalətinin müfəssəl dəftəri” və “İrəvan əyalətinin müfəssəl dəftəri”ində 2 və 3 Yaqublu oymağının adı çəkilir. Hər iki sənəddə qeyd edilir ki, Yaqub adlı şəxs Kosalı tayfasının yaqublular qoluna mənsub olub. O qeyd edir ki, yaqublular XVIII-XIX əsrlərdən Qərbi Azərbaycandan bütün Azərbaycana və Gürcüstana səpələnmiş və məskunlaşdıqları yerləri əvvəlki yaşayış yerinin adı ilə adlandırmışlar.
Toponimin müxtəlif mikro və makroareallarda təkrarlanmasının əsas səbəbi eyni yer, tayfa, oymaq və tirədən çıxmış nümayəndələrin yeni saldıqları yaşayış məntəqələrinə əvvəlki məntəqələrin adlarını vermək cəhdindən irəli gəlir. Bu, artıq toponimikada əsaslandırılmışdır.
Yaqublu areal (birdən çox coğrafi obyektin adını bildirən) toponimdir. Bu kənd yuxarıda qeyd etdiyimiz şəxs, yer, tayfa, oymaq, qol və tirə nümayəndələri tərəfindən düşərgə, köç və ya qışlaq yeri kimi salınmış, sonralar isə daimi yaşayış məntəqəsinə çevrilmişdir. İlk sakinlər kəndə ya çıxdıqları əvvəlki yaşayış məntəqəsinin, ya onları bu əraziyə gətirən şəxsin, ya da mənsub olduqları tayfa, oymaq, qol, boy və tirənin adını – Yaqublu adını vermişlər. Beləliklə, hansı məntəqə və tayfa, oymaq, qol, boy və tirədən olduqlarını nəzərə çatdırmaq istəmişlər. Bunlar toponim yaradıcılığında daha qanunauyğun hal sayılır.
Yaşayış məntəqələri arasında məsafəni uzaq hesab edib, dediklərimizə şübhə ilə yanaşanların nəzərinə Səfəvilərin böyük ideoloqu, Qərbi Azərbaycanın Sarıyaqub kəndindən olan Miskin Abdalın bir müddət Oğuz (Vartaşen) rayonunun Xaçmaz kəndində yaşaması və onun 20-yə qədər tərəfdarının qəbirlərinin burda olması barədə məlumatı çatdırmaqla müvafiq nəticə çıxarmağı öz öhdələrinə buraxırıq.
İmran Verdiyev,
Yaqublu kənd T.Babayev ad. tam orta məktəbinin direktoru, Əməkdar müəllim