"Xalqın sənətkarına kömək edirlərsə, ayıbdır?" - Elza Seyidcahan

22:02 - 24 May 2022 - MAQAZİN

"Səni axtarıram" verilişində həmkarlarından yardım istəyən Əməkdar artist Elza Seyidcahanla bağlı söz-söhbətlər səngimir. Onu qınayanlar da var, haqq qazandıranlar da.

Xatırladaq ki, E.Seyidcahanın anası ona məxsus olan obyekti keçmiş polis əməkdaşı, hazırda həbsdə olan Fərid Azayev, qardaşı Faiq Azayevə icarəyə verib. Sonra onlar icarə üçün müqavilə imzalamadan bundan imtina ediblər. Elza Seyidcahan obyekti geri almaq istəyib, lakin məhkəmə çəkişməsinə əsasən həmin yer qarşı tərəfin mülki kimi tanınıb. İndi Elza xanım həmin obyekti geri almaq üçün xalqdan yardım alır.

Elza xanımın dediyinə görə, özünün yaşadığı ev, anasının evinin sənədləri bankdan borc pul götürməyə imkan vermədiyinə görə xalqdan yardım istəməli olub.
Bu gün isə müğənninin oğlu Ələkbər efirə zəng edərək bildirib ki, E.Seyidcahan verilişi tərk etsə, anasına lazım olan məbləği tamamlayacaq.

"Xəbərim yox idi. Anama deyin ki, qalan pulunu mən verəcəyəm. Proqramdan ayrılsın, Xoşqədəm xanım proqramdakı digər insanlara kömək etsin". 

Oğulun anasının efirdə kömək istəməsindən xəbərsiz olması bir az təəccüb doğurub. Amma sonra Elza xanımın bir zamanlar verdiyi açıqlamalardan birində oğlunun ondan incidiyini yada salanda, bu anlaşılmazlığı başa düşmək olur. E.Seyidcahan yazdığı qalmaqallı şeirlərə görə oğlunun onunla danışmadığını söyləmişdi.

Elza Seyidcahan Lent.az-a açıqlamasında bildirib ki, əhali ona yardım edib, vəsaitin xeyli hissəsi toplanıb. İndi çatışmayan 9000 manatdır: "Oğluma sənət dostu kimi deyirəm ki, maşınını satıb vermək lazım deyil. 9 min manat qalıb. Mən artıq qalan vəsaiti həmin proqramda yardıma ehtiyacı olan Gülməmməd adlı uşağa bağışlayacam”.

Elin ağzı torba deyil ki, büzəsən. İnsanlar deyirlər ki, televiziya proqramları bu vasitə ilə pul toplayır, həm də reytinq qazanırlar. İş, sadəcə şou xarakteri daşıyır. Biz də insanların dediklərinə Elza xanımdan münasibət öyrənmək istədik.

- Elza xanım, insanlar deyirlər ki, sözü gedən obyekt içində oturduğunuz ev deyil ki, deyək, təcili kömək edilməlidir. Bu qədər yardıma ehtiyacı olan insan varkən, məhz sizə yardım yığılması məsələsini izləyicilər birmənalı qarşılamırlar. Siz bu barədə nə düşünürsünüz? Bu qədər hay-küyə gərək var idi?

Elza xanım sualımıza bir qədər əsəbi cavab verdi.

- Mən ədalətsizliyə görə efirə çıxdım. Sözümü efirdə yox, harada deyim? El gücü sel gücü. El yığışıb öz sənətkarına kömək edir, burda pis olan nə var? Mənim haqqımda pis düşünənlər, öz qarınları üçün yaşayanlardır. Məni ruhən öldürüblər. Yaradıcılığıma, ruhuma zərbə vurublar. Bu yaxınlarda Qırğızıstan Bəstəkarlar Birliyinə üzv seçilmişəm, mən bundan bəhs etmək, layihələr yaratmaq əvəzinə, görün nə ilə gündəmdəyəm. Bu gün sevilməsəydim  şəhid və qazi ailələri mənə yardım etməzdilər.

- Axı o ailələrin bir çoxunun özlərinin köməyə ehtiyacı var?

- Xeyr, siz o ailələri heç də zəif hesab eləməyin. Qurban olum şəhid və qazi ailələrinin qeyrətinə. Mən onlardan tələb etməmişəm, özləri mənə yardım edirlər, özləri kömək əllərini uzadırlar. Mən ciddi işlər görsəm də, həmişə insanlar məsələnin şou tərəfini düşünür, tənqid edirlər.

- Siz elə obrazlar yaradırsınız ki, istər-istəməz tənqid olunursunuz.

- Nə, məsələn?

- Məsələn, son dəfə sizi başınızda qəfəs, içində də xoruzla görmüşdüm...
- O bir layihə idi. Qarşımdakı adamın xoruzunu qoltuğuna vermək anlamına gəlirdi. Mən satirayla yanaşıram, insanlar düzgün anlamırlar. Niyə Ledi Qaqa ətdən paltar geyinəndə ona söz deyilmir, mənə deyilir. Mən bir çox yenilikləri ondan qabaq edirəm. Ledi Qaqanın ayaqları altına milyonlar səpən insanlar mənə çatanda sənətkar olduğumu da unudurlar.

Bax belə. Bu Elza Seyidcahanın fikridir. Bəlkə də  Avropada doğulub yaşasaydı, Ledi Qaqadan da məşhur və varlı olacaqdı, Azərbaycanda isə ya biz onu anlayammırıq, ya da o özünü düzgün ifadə edə bilmir...

Xəbər xətti