Mingəçevirdə atası tərəfindən işgəncələrə məruz qalan 19 yaşlı əqli qüsurlu qızın çəkdiyi əziyyətlər qonşularını da hiddətləndirib.
Bizim.Media-nın məlumatına görə, beşuşaqlı ailə yanvar ayından şəhərin Samux küçəsində yerləşən fərdi təsərrüfatlardan birində kirayədə yaşayıb.
Usta kimi çalışıb ailəsini dolandıran Ülman Bədəlovun qonşularla sıx münasibəti olmayıb.
Bozdağın yamacına bitişik həyətdə baş verən qəribə hadisə ilk olaraq qonşuların diqqətini cəlb edib. Məlum olub ki, ata 2003-cü il təvəllüdlü qızı - Nuranə Bədəlovanı günlərlə həyətdə dəmir dirəyə bağlı saxlayırmış.
Tükürpədici hadisədən danışan qonşu Firuzə Səfərova gördüklərindən dəhşətə gəldiklərini deyir:
“Üzü dağa sarı gedib-gələn hər kəs son günlərdə ailənin 19 yaşlı qızının kəndirlə dirəyə bağlı olduğunun şahidi olub. Öncə qonşular nə baş verdiyini anlamasa da, sonradan bu zorakılığın davamlı olduğunu anlayıb. Təsəvvür edin, yağışın, suyun altında ata öz balasını bütün günü dəmir dirəyə bağlı saxlayır. Öyrəndik ki, qızın psixoloji problemləri var. Məgər xəstəxana yoxdur ki, bir ata öz övladını orada müalicə etdirmək əvəzinə, kəndirlə dirəyə bağlı saxlamaqla min bir əziyyət verir? Bu, insanlığa və atalığa sığmayan vəhşilikdir. Məcbur olan qonşular dərhal hüquq-mühafizə orqanlarını məlumatlandırmağa qərar verdilər”.
Ailəyə yaxın bir başqa şəxsin dediyinə görə, qız evdə nadinclik, nəzarətsiz hərəkətlər edirmiş.
Qeyd edək ki, işgəncələrə məruz qalan Nuranə Bədəlova isə həkim nəzarətinə götürülüb.