Aktyordan Ukraynaya qarşı təhqiramiz çıxışı ilə bağlı AÇIQLAMA

18:55 - 5 May 2022 - Cəmiyyət

“Mən başa düşmürdüm və heç düşünməzdim ki, mənim videoçarxlarım millətlərarası qarşıdurmaya səbəb ola bilər. Ona görə də bununla bağlı çox təəssüf hissi keçirirəm”.

Bu barədə Media.Az-a Ukrayna xalqını təhqir edən, Rusiyanın Ukraynaya təcavüzünü dəstəklədiyi “TikTok” videoları Azərbaycan media seqmentində müzakirə predmeti olan Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru Emil Atraşkeviç bildirib.

Onun sözlərinə görə, o, artıq bütün videoları silib və hazırda Ukrayna xalqına müraciət yazmağa hazırlaşır.

“Kimi incitmişəmsə, üzr istəyirəm, çünki bu videoları bu məqsədlə yazmamışam. Mən kiminsə xətrinə dəymək və ya etnik qarşıdurma yaratmaq istəməmişdim. Mən sadəcə həm Azərbaycanı, həm də Rusiyanı sevdiyimi göstərmək istəyirdim. Hətta mənim “TikTok”dakı videolarıma diqqətlə baxsanız, Ukraynanı və Ukrayna xalqını sevdiyimi görəcəksiniz. Mənim damarlarımda rusiyalı, ukraynalı, azərbaycanlı, belarus qanı axır. Uzaq qohumlarım Ukraynadandır, Rusiya Federasiyasında yaşayan nənəm isə etnik ukraynalıdır”, – deyə o qeyd edib.

E.Atraşkeviç iddia edib ki, o, internetdə təqiblərə məruz qaldığı üçün emosiya yüklü bu videoları yayımlamaq məcburiyyətində qalıb.

“Diqqətlə oxusanız, mənim müharibə əleyhinə olan həm ukraynalılar, həm də rusiyalılar tərəfindən çox təhqir olunduğum şərhlərə rast gələ bilərsiniz. Bu, mənim onlara cavabım oldu və buna görə də çox təəssüflənirəm. Mən öz mövqeyimi daha yaxşı izah etməliydim ki, ukraynalılara qarşı deyiləm, bu, şüursuz hərəkət idi”.

 

Xəbər xətti