Goranboyda 16 kilometrlik yol yenidənqurmadan sonra istifadəyə verilib - VİDEO

12:00 - 5 May 2022 - ÖLKƏ İÇİ

Goranboy rayonunun Dəliməmmədli–Düzqışlaq–Bağçakürd–Dəyirmanlar–Azad–Nizami avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Prezidentin Sərəncamına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən aparılan işlər sona çatdırılıb.

AAYDA-dan Ucnoqta.az-a verilən məlumata görə, yenidən qurulan və 14 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Dəliməmmədli–Düzqışlaq–Bağçakürd–Dəyirmanlar–Azad–Nizami avtomobil yolunun uzunluğu 16 kilometrdir.

Torpaq və çınqıl örtüklü olması yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsini xeyli çətinləşdirdiyi, əhalinin rahat gediş-gəlişinə maneə yaratdığı üçün əsaslı şəkildə yenidən qurulması zəruri olan avtomobil yolu texnoloji ardıcıllığa uyğun olaraq 2 hərəkət zolağı enində və IV texniki dərəcəyə uyğun şəkildə inşa olunub.

Layihə üzrə yolun hərəkət hissəsinin eni 6, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr təşkil edir.

Görülən işlər çərçivəsində yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə çınqıl qruntu tökülərək kipləşdirilib. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılıb, yol genişləndirilib. Torpaq yatağı hazır olan hissələrdə yeni yol əsası inşa edilib, ardınca yol əsasının alt və üst layının tikintisi yerinə yetirilib.

Avtomobil yolunun altından suların ötürülməsini təmin etmək məqsədilə mövcud borular yeniləri ilə əvəzlənib, yolboyu su keçidlərinin, müxtəlif diametrli dəmir-beton suötürücü boruların tikintisi aparılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolda mövcud olan 2 ədəd bir aşırımlı körpülərin əsaslı şəkildə təmiri də layihə çərçivəsində icra olunub.

Bu işlərin ardınca “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yolun asfaltlanması işlərinə başlanılıb, yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

Keyfiyyətlə icra olunan layihənin sonuncu mərhələsində yol boyu 5 avtobus dayanacağı inşa edilib, hərəkətin normal təşkili üçün üfüqi nişanlama xətləri çəkilib, yol nişanları və məlumatverici lövhələr, siqnal dirəkləri quraşdırılmaqla müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib.

Xəbər xətti