30 aprel və 1 may tarixlərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, imtahan saat 11:00-da başlanır.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Aprelin 30-da iştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır. Mayın 1-də keçiriləcək imtahanda isə maskadan istifadə tövsiyə olunur.
Aprelin 30-da keçiriləcək imtahanda 24 864, mayın 1-də keçiriləcək imtahanda isə 19 278 nəfər olmaqla, ümumilikdə 44 142 şagirdin iştirakı nəzərdə tutulur. Mayın 1-də, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin - internat məktəbləri, eşitmə pozulmaları və danışma, görmə əngəlli şagirdlər üçün xüsusi məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblər, tədrisi ingilis və ya fransız dilində olan məktəblərin şagirdləri də imtahan verirlər. Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçiriləcək.
İmtahanlarda 51 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, hərəkət məhdudiyyətli və digər) şagird də iştirak edəcək. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılırlar.
İmtahan qaydaları ilə bağlı ətraflı məlumatı buradan öyrənə bilərsiniz.