Zəngilan aeroportunda yeni sistem tətbiq edilir

12:02 - 26 Aprel 2022 - ÖLKƏ İÇİ

AZANS uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün aeronaviqasiya infrastrukturunun bərpası çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazisində - Zəngilanda inşa olunan beynəlxalq hava limanında yeni avtomatlaşdırılmış hava hərəkətini idarəetmə sistemini tətbiq edir.

Bu barədə Ucnoqta.az-a “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) bildirilib.
Qeyd edilən sistemin uğurlu sınağı aprelin 26-da “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) və Almaniyanın ərazisində hava hərəkətinin idarə olunmasına cavabdeh olan “DFS Aviation Services” (DAS) şirkətinin nümayəndələrinin birgə iştirakı ilə baş tutub. Sistem DAS mütəxəssisləri tərəfindən hazırlanmış müasir avtomatlaşdırılmış “Phoenix” sisteminə əsaslanır.

DAS-ın idarəedici direktoru Andreas Pouç qeyd edib ki, Azərbaycanın yeni beynəlxalq hava limanlarında Phoenix proqram-aparat kompleksinin tətbiqi çərçivəsində AZANS və DFS Aviation Services arasında əməkdaşlıq uçuşların təhlükəsizlik səviyyəsinin yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir.

AZANS-ın bütün texniki və əməliyyat heyəti Almaniya mütəxəssisləri tərəfindən keçirilən müvafiq təlimlər keçib.

Qeyd edək ki, “Phoenix” sistemi Azərbaycanın yeni hava limanlarında dispetçer qüllələrinin istismarı üçün tətbiq edilən ikinci avtomatlaşdırılmış hava hərəkətini idarəetmə sistemidir. İlk sistem Almaniyanın aeronaviqasiya xidməti tərəfindən 2021-ci ilin avqust ayında Füzulidə beynəlxalq hava limanında tətbiq edilib.

Zəngilanda 3000 metr uzunluğunda uçuş-enmə zolağı olan beynəlxalq hava limanı bütün beynəlxalq tələblərə və standartlara cavab verən ən yeni naviqasiya infrastrukturu ilə təchiz olunacaq.

Zəngilan rayonundakı beynəlxalq hava limanının 2022-ci ildə istismara verilməsi nəzərdə tutulur.

Xəbər xətti