"Hidrogen energetikası üzrə 25 ilə yaxın intensiv tədqiqatlar aparmışıq" - İslam Mustafayev

14:08 - 25 Aprel 2022 - Müsahibə

AMEA-nın Radiasiya Problemləri İnstitutunun (RPİ) Baş direktoru, “Tərəqqi” medallı, AMEA-nın müxbir üzvü, Dayanıqlı İnkişaf üzrə Beynəlxalq Akademiyanın üzvü, professor İslam Mustafayev müsahibə verib.

Ucnoqta.az Report-a istinadən müsahibəni təqdim edir:

- İslam müəllim, Azərbaycanda nüvə energetikasının tarixi nə zamandan başlayır və ölkəmiz bu sahədə hansı yerdə qərarlaşıb?

- Nüvə energetikası, atom reaktorları, bundan enerji alınması, yaxud silah kimi istifadə olunması məsələlərinin tədqiqi ötən əsrin 40-cı illərindən sonra başlayıb. İlk reaktorlar ABŞ və Sovetlər birliyində yaradıldı. Sovetlər Birliyində, İ.V.Kurçatov adına İnstitutda yerləşən ilk reaktoru mən görmüşəm və onun yaradıcılarından olan A.P.Aleksandrovun bu reaktorun tikilməsi haqqında maraqlı söhbətlərini şəxsən dinləmişəm. Bu reaktorlardan dinc məqsədlər üçün enerji istehsalında, güc nümayişi üçün isə silahların hazırlanmasında istifadə etməyə başladılar.

Ötən əsrin 50-ci illərin əvvəllərinə qədər beynəlxalq miqyasda bu sahədə pərakəndəlik mövcud idi. Kim istəyirdi partladırdı, kimisi də nüvə qalıqlarını çaylara axıdırdı, uranın zənginləşdirilməsi prosesində çoxlu qəzalar baş verirdi. Bu isə böyük ekoloji problemlərə yol açırdı. Bu işləri qaydasına salmaq, koordinasiya və nəzarət məqsədilə 1957-ci ildə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAGATE) yaradıldı və bu sahənin inkişaf etdirilməsi qərara alındı. Hər il Vyanada (Avstriya) onun Baş Asambleyasının tədbirləri keçirilir. Sonuncu tədbirdə də Azərbaycan Milli Elmlər Akademiyasını mən təmsil etmişəm.

Bu sahədə bir sıra ölkələr irəli getdilər. Həyat da futboldakı kimidir – kim boş sahəyə vaxtında və birinci çıxdısa o da uğur qazanır! Burada hazır olan ölkələrdən biri Azərbaycan oldu. Çünki hələ 1951-ci ildə Azərbaycanda Neft elmi-tədqiqat institutunun nəzdində kimya elmləri namizədi, dosent Mirkazım Məlikzadənin rəhbərliyi ilə radioizotoplar laboratoriyası açılmışdı. Əsas məqsəd ətraf mühitdə izotopları öyrənmək və onların texnikada, kimyada, tibbdə tətbiqi imkanlarını araşdırmaq idi. Amma MAGATE yaradıldıqdan sonra - 1958-ci ildə bu laboratoriyanın adı dəyişdirilərək Radiasiya kimyası laboratoriyası oldu. Bu dövrdə ABŞ, Yaponiya və başqa ölkələrdən lazım olan və o dövr üçün ən müasir cihazlar alındı və çox geniş miqyaslı işlər görülməyə başlandı. 1969-cu ildə bu laboratoriyanın bazasında müstəqil tədqiqat mərkəzi-Radiasiya tədqiqatları Sektoru yaradıldı. SSRİ-də mövcud olan 4 “ELİT-1” elektron sürətləndiricisindən biri, bir neçə Co-60 izotoplu güclü qamma-şüalandırma kompleksindən biri bu Sektorda idi. Öz nümunələrini şüalandırmaq üçün SSRİ-nin hər yerindən alimlər gəlirdilər Bakıya.

Ümumilikdə 4 laboratoriya və təxminən 120 əməkdaşın iştirakı ilə əsasən neftin radiasiya təsiri altında çevrilmələri, polimerlərin alınması, radiasiyanın təsirindən konstruksiya avadanlığında baş verən korroziya hadisələri və yarımkeçiricilərin radiasiya fizikası və s. bu kimi ölkəmiz üçün vacib olan istiqamətlərdə tədqiqatlar aparıldı. Neft və neft məhsullarının radiasiya kimyası, yarımkeçiricilərin radiasiya fizikası bu mərkəz üçün prioritet istiqamətlər oldu. O vaxt həmin tədqiqatların çoxu məxfi xarakter daşıyırdı, ona görə də onlar açıq nəşrlərdə geniş miqyasda öz əksini tapmadı. Bunun nəticəsində ABŞ, Fransa, İngiltərə kimi ölkələrdən fərqli olaraq SSRİ-də keçən əsrin 70-ci illərinədək beynəlxalq miqyasda tanınan məşhur məktəblər formalaşmadı.

2002-ci ildə həmin Sektorun bazasında Radiasiya Problemləri İnstitutu yaradıldı. Təxminən 40 nəfərlə başlanan iş hazırda 300 nəfərlə davam etdirilir. Əməkdaşlarımızın 3-ü AMEA-nın müxbir üzvü, 22-si elmlər doktoru, professordur, 60-dan çoxu fəlsəfə doktorudur.

İnstitutumuzda kimyaçılar, bioloqlar və fiziklər birgə çalışır və multidissiplinar mövzular üzrə tədqiqatlar aparırlar.

- Torpaqlarımız işğaldan azad edildikdən sonra demək olar ki, bütün qurumlar, o cümlədən AMEA-nın müxtəlif institutları həmin ərazilərin bərpası üçün fəaliyyətini genişləndirdi. Bu baxımdan rəhbərlik etdiyiniz institutun hansı fəaliyyəti və planları var?

- İnstitutumuzun əməkdaşları işğaldan azad olunmuş ərazilərimizə 8 dəfə ekspedisiya həyata keçirib. Hazırda ölkəmiz üçün çox vacib işlər aparılır. Azad olunmuş ərazilərdə bizim tədqiqatlar üçün ən vacib iki mövzu var. Birinci mövzu ekoloji monitorinqin, xüsusən də radiasiya monitorinqinin həyata keçirilməsidir. Bu yoxlama-ölçmə işləri həyata keçirilən zaman 3 müxtəlif ərazidə ermənilərin atıb getdiyi çox yüksək radiasiya fonu yaradan radioaktiv mənbələr tapmışıq. Bu mənbələr əsasən Fizulu-Cəbrayıl-Zəngilan istiqamətində aşkar edildi. Həmçinin Zəngilanda “Oxçuçay”ın Azərbaycana daxil olan hissəsində hədsiz dərəcədə çirklənmə müşahidə olundu. Ermənistanda istifadə olunan mineral resursların istismarı mənbələrindən ora çoxlu sayda çirkləndirici, o cümlədən zəhərli maddələr atılıb.

Ermənistandan Zəngilan rayonu ərazisinə daxil olan Oxçuçayda konsentrasiyanın manqan elementi üzrə 1,7-1,8 dəfə, alüminium elementi üzrə 3,1-3,6 dəfə, dəmir elementi üzrə 6-7,5 dəfə yol verilən hədd qiymətlərindən yüksək olduğu müəyyən edilmişdir. Bütün bunlar Oxçuçayın ölkə ərazisinə daxil olmadan əvvəl antropogen mənşəli çirkləndiricilərin yüksək dərəcədə təsirinə məruz qaldığını göstərir. Monitorinqlərimizin nəticələrini Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərmişik.

Təkcə “Oxçuçay”ın çirklənməsinə görə dəymiş ziyan, bir neçə yüz milyon dollarla, amma ümumi ətraf mühitə vurulan zərər isə on milyardlarla dollar olaraq hesablanmalıdır. Hazırda AMEA-nın İnformasiya texnologiyaları İnstitutu ilə birlikdə Radiasiya təhlükəsizliyi sahəsində elektron verilənlər bazasının yaradılması işinə başlanılıb. Radiasiya təhlükəsizliyi üzrə alınan bütün nəticələr bu bazada yerləşdiriləcək və maraqlı olan tərəflər bu bazadan istifadə edəcəklər.

Təəssüf ki, biz monitorinqlərimizi yalnız minadan təmizlənmiş ərazilərdə apara bilirik. Hazırda isə keçilməz və təhlükəli ərazilərdə monitorinq aparmaq üçün cihaz - radiometr düzəldirik. Radiometr dronların üzərində yerləşdiriləcək və ölçmə işləri onunla aparılacaq. İlin sonuna qədər həmin cihazın patentini almağı düşünürük.

İkinci məsələ barəsində müəyyən olunmuşdur ki, Qarabağ iqtisadi zonasına daxil olan ərazilərdə günəş, Şuşa şəhərində isə, həm də külək enerjisindən səmərəli istifadə oluna bilər. Kəlbəcər, Laçın və Qubadlı rayonlarında həm günəş, həm də külək, Cəbrayıl rayonunda isə ancaq günəş enerjisindən istifadə daha səmərəlidir.

Şərqi Zəngəzur inzibati zonasına aid olan əksər ərazilərdə dağ çaylarının enerjisindən istifadə də böyük əhəmiyyət kəsb edir.

- Bildiyim qədər bu cihaz həm də mayın sonlarında Azərbaycanda baş tutacaq “Teknofest Azərbaycan”da da təqdim olunacaq. Ümumiyyətlə, belə bir festivalın keçirilməsinin və burada iştirakının hansı əhəmiyyətini görürsünüz?

- İstənilən səviyyədə səmərəli təşkil olunmuş informasiya və təcrübə mübadiləsi son nəticədə inkişafa gətirib çıxarır. Bu çox yüksək səviyyədə təşkil olunmuş beynəlxalq tədbir olduğu üçün ondan gözləntilərimiz daha çoxdur. İlk olaraq bizim yaratdığımız texnologiyaların beynəlxalq arenaya çıxarılması və bəlkə də satılması imkanı əldə edirik. Həmçinin biz özümüz də başqalarının gördükləri işlərlə tanış olacağıq.

“Teknofest Azərbaycan”da biz iki layihə ilə iştirak etmək fikrindəyik.

Onlardan biri bizim alimlərimiz tərəfindən hazırlanmış “Sipər-1” deyilən qurğudur. Həmin qurğu analoqlarından müsbət mənada çox fərqlənir, ölkənin sərhəd mühafizə çəpərlərində yerləşdirilir. Bizim gənc alimlərimiz sınaq işlərindən bir neçə gün əvvəl qayıdıblar. Təbii ki, təyinatı üzrə olan müəyyən məsələlərlə bağlı bu cihaz barəsində geniş məlumat verə bilmirik.

Bizim hazırladığımız digər cihaz isə məsafədən idarə olunan partlayıcı qurğudur. Bu qurğudan yolların, tunellərin çəkiləsi və mineral resursların istifadəsi üçün dağların partladılmasında, həmçinin hərbi əməliyyatlar zamanı istifadə edilir. Təxminən 3-5 km məsafədən idarə edilmə imkanı var. “İldırım” adı verdiyimiz bu qurğunun digər özəlliyi ondan ibarətdir ki, partlayış zamanı onun özünə bir qayda olaraq heç nə olmur. Onu növbəti partlayış əməliyyatlarında da istifadə etmək olar. Bu və digər xüsusiyyətlər onu analoqlarından fərqləndirir.

- Bu gün dünyanın gündəmində bərpa olunan enerji mənbələri əsas yeri tutur. Ölkəmizdə də bu istiqamətdə işlərin aparıldığı bəllidir. Bu baxımdan biz tez-tez “Yaşıl hidrogen” haqqında da eşidirik. İstərdim izah verəsiniz ki, “Yaşıl hidrogen” nədir və hansı üstünlüyü var?

- Bilirsiniz, dünyada enerjinin tarixi insanın tarixi qədər qədimdir. Zaman-zaman insanlar müxtəlif enerji mənbələrindən - ağac, kömür, heyvan tullantıları istifadə ediblər və nəhayət insanlar düşünüb ki, bunların içərisində ən yaxşısı neft və qazdır. Ötən əsrin əvvəllərində bu enerji növündən geniş istifadə edilsə də 70-ci illərdə insanlar anladı ki, neft və qaz tükənən enerji mənbəyidir. Bu səbəbdən də alternativ enerji mənbələri axtarmağa başlanıldı. Bu isə təbii ki, hidrogen idi. O “yaşıl” yanır, yanarkən ətraf mühit çirklənmir və qlobal iqlim dəyişmələrinə o qədər də təsir etmir. Amma o təbiətdə sərbəst şəkildə yoxdur, onu sudan və ya təbii resurslardan almaq mümkündür.

Əgər günəş-külək enerjisindən istifadə edib sudan elektroliz yolu ilə hidrogen alınırsa bu “Yaşıl hidrogen” adlanır. Amma hidrogeni digər yollarla nüvə reaktorundan, kömürdən, neftdən, qazdan və başqa mənbələrdən istifadə etməklə də almaq olur. Bu zaman isə başqa rənglərlə adlandırılır.

1978-2000-ci illərdə Radiasiya Problemləri İnstitutunda bu sahədə intensiv tədqiqatlar aparılıb və 20-25 il ərzində hidrogen energetikasının ən müxtəlif məsələləri öyrənilib. Bir sözlə bu sahədə laboratoriya işlərini tam həyata keçirmişik. Əgər ölkəmizdə geniş miqyasda həyata keçirilməsi üçün investisiya ayrılarsa biz də öz təcrübəmizi bölüşməyə hazırıq.

- Azərbaycanda həm də atom enerjisi ilə bağlı tədqiqatların aparılması üçün də müəyyən addımlar atılmışdı. Məsələn, Hacıqabul rayonu ərazisində Atom Elektrik Stansiyası (AES) üçün yer ayrılmışdı. Bu sahədə vəziyyət necədir?

- Düzdür SSRİ vaxtı Hacıqabulun Navahı kəndi ərazisində AES üçün yer ayrılmışdı. Həmçinin ilkin təməlqoyma da olmuşdu və kadrların da hazırlanması həyata keçirilirdi. Sadəcə sonralar bizdə atom enerjisinə inam azaldı. Bunun səbəblərindən biri “Çernobil” hadisəsinin baş verməsi idi. Həmçinin yeni neft yataqları aşkar edildi. Hətta bir dəfə “Tayqanın qəhrəmanı” adlandırılan Fərman Salmanov AMEA-da çıxışı zamanı bildirdi ki, “alimlər çox təşvişə düşməsin, böyük həcmdə neft ehtiyatlarımız var”.

Amma bu gün bir çox ölkələr AES-lərdə elektrik enerjisi alır. Məsələn, alınan elektrik enerjisinin Fransada 75 %-i, Belçikada 60 %-i , İsveçdə 47 % məhz AES-lərin payına düşür. Prinsipcə bu bizdə də mümkündür. Amma buna çox böyük məbləğdə investisiya tələb olunur. Hətta, 1-5 MVt-lıq tədqiqat reaktoru üçün təxminən bir neçə milyard dollarlıq vəsait lazımdır. AES-da nüvə reaktorlarının gücü isə min meqavatlarla ölçülür. Bahalı olsa da bu stansiyalar həm uzunömürlüdür və kiçik həcmli ərazini əhatə edir. Həmçinin kömür və üzvi yanacaqlardan min dəfələrlə effektlidir.

- Hazırda texnologiya inkişaf edir. Dünyanın bir çox dövlətləri artıq 5G-ni tətbiq edirlər və 6G üzərində işlər aparılır. Məhz bu inkişaf insanlarda radiasiya təhlükəsi ilə bağlı narahatlıq yaradır. Bu baxımdan Azərbaycanda radiasiyanın səviyyəsi necədir və narahat olmağa əsas varmı?

- Azərbaycanın ərazisi radiasiya baxımından çox əlverişlidir. Hətta ölkəmizdə radiasiyanın səviyyəsi mövcud ümumdünya standartlarından da aşağıdır. Şüalanma səviyyəsi Bakıda, Abşeronda və digər yaxın ərazilərdə saatda 6-8 mikrorentgenə (mkR/saat) bərabərdir. Ölkə üzrə orta rəqəm 11-12 mkR/saata, Şəki-Zaqatala zonasında isə 25-30 mkR/saata çatır. Çünki orada torpaqda “Kalium-40” izotopunun konsentrasiyası çoxdur. Amma bu radiasiyadan insana heç bir neqativ təsir olmaz. Amma ölkədə insan səhhətinə ziyanlı olan ionlaşdırıcı şüaları yoxdur.

Hazırda Bakıda insan üçün ən təhlükəli ekoloji amil nəqliyyatın yaratdığı hava şəraitidir. Onu da qeyd edim ki, Bakıda hər min adama düşən avtomobilin sayı Rusiya, Qazaxıstandan geri qalır. Avropadan isə fərq dəfələrlədir. Burada avtonəqliyyat vasitələrinin texniki vəziyyəti, yolların və yanacağın keyfiyyəti, marşrutların idarə olunması sistemi son nəticədə nəqliyyat sektorundan ətraf mühitə atılan ziyanlı maddələrin miqdarına təsir edir. Yeri gəlmişkən qeyd edim ki, bizim İnstitutun dissertantlarından biri avtonəqliyyat tullantılarının qiymətləndirilməsi və bu tullantıların radiasiyadan istifadə etməklə azaldılması sahəsində uğurlu bir dissertasiya yerinə yetirmişdir.

Tozun miqdarı yol verilən həddən 3-4 dəfə çoxdur. Ona görə də yaşıllıqların həcmini artırmaq lazımdır. Hazırda Abşeron yarımadasında adambaşına düşən yaşıl ərazi normadan 3 dəfə aşağıdır. Yarım quraqlıq hava şəraiti və yaşıllığın az olması yerdə olan tozu havada oynadır və bu da insanların ciyərlərinə gedir.

Azərbaycanda əsasən mobil telefon və bu kimi cihazlardan radiodalğalar yayılır. Şəxsən mən müxtəlif mobil operatorların antenalarının evlərin damında yaxud həyətində quraşdırlmasının əleyhinəyəm. Bizim institutun köhnə binasında da belə antena var idi. Mən onu çıxartdırdım.

- İslam müəllim, istəyirəm bir qədər də AMEA-dakı ümumi proseslərlə bağlı danışasız. Son illər AMEA elmi nailiyyətlərdən daha çox qalmaqallarla yadda qalıb. Hətta bəzən insanlar düşünür ki, orda oturanlar boş oturub yalnız dövlətin pulunu dağıtmaqla məşğuldur. Niyə bu iddialar meydana gəlir, bəlkə təbliğat düzgün qurulmur?

- Biz sovetlər elmindən ayrılmışıq. O vaxt ən qabaqcıl elm sahələri bütün SSRİ-də olduğu kimi həmahəng olaraq Azərbaycan Elmlər Akademiyasında, ali məktəblərdə, sahə institutlarında inkişaf etdirilirdi. Azərbaycanda çoxlu sayda ən yüksək səviyyədə elmi kadrlar yetişmişdi. Bunların bir çoxu hazırda xarici ölkələrdə uğurla fəaliyyət göstərir. Məlum səbəblərdən son 30 ildə elmin inkişaf tempi aşağı düşüb. Bir çox hallarda dissertasiyaların, elmi tədqiqatların keyfiyyəti qabaqcıl ölkələrlə müqayisədə geri qalmaqdadır. Bu bir çox səbəblərlə bağlıdır. Bu qabaqcıl alimlərimizin ölkəni tərk etməsi, elmin maliyyə imkanlarının lazmi səviyyədə olmaması, elmi-təşkilati işlərdə və yanaşmalarda olan problemlərlə bağlıdır.

Akademiya haqqında mənfi fikirlər danışanların bir çoxu elə Akademiyanın özündə və ya ali məktəblərdə asan üsullarla elmi dərəcələr almış adamlardır. Əslinə qalsa burada aylarla, illərlə laboratoriyadan çıxmayan adamlar 10-15 ilə elmlər doktoru olduğu halda, onlar daha tez bu dərəcəni alıblar və ya ala bilməyiblər . Sonra da gedib akademiyanı pisləməyə başlayırlar, az qalır ki, burada işləyən vicdanlı adamları da qınasınlar. Bu insafsızlıqdır. Bu məsələnin həlli həm Akademiya prezidentinin, həm də akademiyada işləyən vicdanlı adamların böyük dərdidir.

Bir çox hallarda alimlər tədqiqat mövzuları seçərkən elmin müasir inkişaf istiqamətlərini deyil, mövcud texniki imkanları və kadr potensialını nəzərə almalı olurlar, bu da müasir dünya elmi ilə ayaqlaşmağa imkan vermir.

- Bu vaxta qədər AMEA-ya bir çox prezidentlər rəhbərlik edib. Sizin üçün hansı daha yaxşı olub?

- Mən dünyanın 50-ə yaxın ölkəsində olmuşam, Moskvada Kimyəvi Fizika İnstitutunda, İstanbul Texniki Universitetində, ABŞ-ın Meriland Universitetində və Alabama Radiasiya monitorinqi Milli laboratoriyasında tədqiqatlar aprmışam və həmin ölkələrdə də elmin təşkilinin üstün və zəif cəhətlərini sezmişəm.Ona görə təqribi müqayisələr apara biliərəm.

Zamanın müxtəlif kəsiklərində Elmlər Akademiyasında prioritetlər dəyişmişdir. Müəyyən dövrdə institusional infrastruktura, digərində insan potensialının artırılmasına, ayrı-ayrı problemlərin həllinə daha çox diqqət yetirmək lazım gəlmişdi. Buna uyğun olaraq hər bir prezident öz işini qurmuşdu. Hər bir dövr üçün müəyyən fərdi xüsusiyyətlərə malik adamların rəhbər olması zərurəti yaranmışdır. Bir zaman Azərbaycan elmində intibah dövrü başlayanda bizə Həsən Abdullayev kimi möhkəm əlli prezident lazım idi. O çox ciddi şəkildə akademiyanı çərçivəyə salmışdı. Mən gənclik illərimdə onu gördüm, böyük bir fiziklər məktəbini yaratdı, bundan əvvəl Yusif Məmmədəliyev güclü kimyaçılar məktəbini yaratmışdı. Sonrakı prezidentlərin içində demokratiya baxımından irəli getmiş Mahmud Kərimovdur. Onun fikrincə insanın yaxşı yazıb yaratması üçün o azad, sərbəst olmalıdır. Müəyyən sərbəstlik vermişdi, bu da yaradıcılığa münbit şərait yaradırdı, amma bəziləri bundan sui istifadə etdilər. Digər hər bir prezident də öz dövrünün prioritetlərinə uyğun olan müəyyən sahələrin inkişafına təkan veriblər. Dəqiq müqayisələr aparmaq mümkün deyildir.

Ayrı-ayrı hallarda məlum səbəblərdən akademiyada boşluqlar əmələ gəldi. Alimlər işdən soyudu, əlavə işlərlə məşğul olmağa başladılar. Mən heç cür başa düşə bilmirəm və qəbul edə bilmirəm ki, niyə indiyə qədər Azərbaycanda elmi kəşf olmayıb. Amma ölkədən kənarda yaşayan azərbaycanlılar çox böyük uğurlar qazanır. Hazırda biz İnstitutda bir doktorluq dissertasiyasını müzakirə edirik. Müəllif stress təsirindən bitki və heyvan orqanizmində nanozərrəciklərin yaranması kinetikasını müşahidə etmişdir. Zənnimcə bu fakt təsdiq olunsa kəşf predmeti ola bilər.

- Səhv etmirəmsə aprelin 27-də AMEA-nın Rəyasət Heyətinin iclası keçiriləcək və yeni prezidentin seçilməsi gözlənir. Seçki öncəsi müxtəlif versiyalar səslənir. Bəziləri hətta AMEA-nın Təhsil Nazirliyinə birləşəcəyini iddia edir. Sizin üçün ideal variant nədir?

- Düzdür, Qazaxıstan, Gürcüstan və başqa ölkələrdə bu birləşmə var. Səhv etmirəmsə yalnız bizdə və Tacikistanda birləşmə yoxdur. Qeyd edim ki, birləşəndə də bir müddət anlaşılmazlıq, elmin inkişafı üçün əlverişsiz şərait yaranır.

Mən hesab edirəm ki, elmdə inqilabi dəyişikliklər etmək olmaz , dinamik və ardıcıl olaraq həyata keçirilən reformalar olmalıdır. Ümid edirəm ki, qarşıdakı dövrdə bu reformalar baş verəcəkdir. Say azaldılmalıdır, texniki potensial və alimlərin maaşı artırılmalı, dissertasiyaların, elmi tədqiqatların keyfiyyəti yüksəldilməlidir.

Xəbər xətti