Azərbaycanda mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi nəzərdə tutulandan tez yekunlaşa bilər.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
“Ötən ilin dekabr ayından bəri mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarına sahib olan 17 742 ailənin ərizəsi qəbul olunub. 9 521 torpaq sahəsi üzərində vətəndaşların mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb. Ərizəsi qəbul edilən digər vətəndaşların mülkiyyət sənədləri qanunvericiliklə müəyyən olunmuş müddətdə təqdim ediləcək.
Bu işlər ölkə prezidentinin “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli fərmanından irəli gələn vəzifələrin icrası olaraq həyata keçirilir. Məqsəd əhalinin sosial rifahının yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı və fermerlərin subsidiyalardan faydalanmasının təmin edilməsidir. Qeydiyyat xidmətlərinin birbaşa yerlərdə göstərilməsi isə vətəndaşların əmlak hüquqlarından daha səmərəli istifadə etməsinə, xidmətlərdən daha operativ və rahat şəkildə yararlanmasına imkan yaradır”, - deyə qurum bəyan edib.